Müşfiq Hətəmov: "Film komissiyalarının yaradılması bir neçə sahədə inkişafa zəmin yaradacaq"

Müşfiq Hətəmov: "Film komissiyalarının yaradılması bir neçə sahədə inkişafa zəmin yaradacaq"
# 01 fevral 2017 15:39 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinə “Azərbaycan Film Komissiyası” layihəsi təqdim olunub.

APA-nın xəbərinə görə, bu barədə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov “Bizim kino günləri” layihəsinin təqdimatına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, layihə kinostudiya və Prodüserlər Gildiyası tərəfindən hazırlanıb: “Layihənin müəllifləri olaraq biz Film Komissiyasının qısa zamanda ölkədə turizmin və kino industriyasının yeni istiqamətdə inkişafına zəmin yaradacağına inanırıq. Bütün dünyada olduğu kimi, “Azərbaycan Film Komissiyası” layihəsinin də əsas məqsədi əcnəbi çəkilişləri ölkəyə cəlb etməklə yerli biznesə dəstək olmaqdan ibarətdir. Bu siyahıya təkcə bədii və sənədli filmlərin istehsalı deyil, televiziya filmlərinin və serialların, musiqi kliplərinin və reklamların çəkilişləri aiddir. “Azərbaycan Film Komissiyası” layihəsi uğurlu əcnəbi film komissiyalarının strukturu və iş prinsipi əsasında hazırlanıb. Komissiya “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərəcək. Bu prinsip xarici prodüserə yalnız bir orqana müraciət etməklə Azərbaycan ərazisində film istehsalı üçün tələb olunan bütün prosedurları həll etməyə imkan verəcək”.

M. Hətəmov qeyd edib ki, film komissiyaları əsas etibarilə dövlət himayəsi altında, xüsusən mədəniyyət, turizm və iqtisadi inkişaf üzrə dövlət orqanlarının dəstəyi ilə fəaliyyət göstərir: “Azərbaycanda da bu modeldən istifadə ediləcək. Kinokomissiya publik hüquqi şəxs olacaq. Azərbaycan ərazisində film komissiyalarının yaradılması və fəaliyyətə başlaması eyni zamanda bir neçə sahədə, xüsusən də mədəniyyət, turizm, iqtisadi inkişaf sahələrində inkişafa zəmin yaradacaq. Belə ki, bu, ilk növbədə ölkəyə xarici yatırımlar deməkdir. Bu uzun siyahıya yerli yaradıcı kadrların, texniki və inzibati heyətin iş yerləri ilə təmin olunması və xarici mütəxəssislərlə birgə işləyərək təcrübəsinin artırılması, əcnəbi çəkiliş heyətinin mehmanxana, yerli nəqliyyat xərcləri, çəkiliş avadanlığının, nəqliyyatın icarəsi və sair aiddir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR