Lapşin Azərbaycan prezidentinə təşəkkür məktubu yazıb

Lapşin Azərbaycan prezidentinə təşəkkür məktubu yazıb
# 13 sentyabr 2017 08:33 (UTC +04:00)

Bloqger Aleksandr Lapşin əfv olunduğu üçün prezident İlham Əliyevə təşəkkür məktubu yazıb.

Bu barədə APA-ya A. Lapşinin vəkili Eduard Çernin məlumat verib.

E.Çernin bildirib ki, Lapşin məktubunda əməlindən peşman olduğunu bildirib: “Lapşin məktubunda səhvlərini başa düşdüyünü qeyd edib, əfv olunduğu üçün prezidentə və ailəsinə təşəkkürünü bildirib”.

“Bu gün mənim əfvimlə bağlı sərəncam imzaladığınızı öyrəndim. Buna görə sizə çox təşəkkür edirəm. Mən indi tam əmin oldum ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, belə də olacaq. Ümid edirəm ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə həll olunacaq”, - deyə məktubda vurğulanır.

Lapşin məktubunda Azərbaycan xalqına işğal olunmuş ərazilərin ən qısa zamanda azad olunmasını, prezident İlham Əliyev və ailəsinə isə can sağlığı, uzun ömür arzulayıb.

Vəkil onu da əlavə edib ki, Lapşin hələ də xəstəxanadadır: "Səhhəti normal olsa da, düşündük ki, burda evi yoxdur, hara göndərə bilərik?! Ona görə xəstəxanada qalması məsləhət görüldü“.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev senyabrın 11-də Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilib.

Onu da əlavə edək ki, A. Lapşin sentyabrın 10-da cəzaçəkmə müəssisəsində intihara cəhd edib.

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılıb. O, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

A. Lapşin Cinayət Məcəlləsinin 281.2-ci (dövlətə qarşı açıq çağırışlar) və 318.2-ci (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 281.2-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma - Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verib, bu maddə üzrə ittihamın təsdiqini tapmaması qənaətinə gəlib.

A. Lapşin Cinayət Məcəlləsinin 318.2-ci (sərhədi qanunsuz keçmək) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul tarixli hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR