Azərbaycan Konstitusiya Məhkəməsi bəzi KİV-də qurumun fəaliyyəti ilə əlaqədar dərc olunan xəbərlərlə bağlı açıqlama yayıb

Azərbaycan Konstitusiya Məhkəməsi bəzi KİV-də qurumun fəaliyyəti ilə əlaqədar dərc olunan xəbərlərlə bağlı açıqlama yayıb
# 29 iyun 2010 14:32 (UTC +04:00)
Bakı-APA. “Son günlər bəzi yazılı və elektron kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə əlaqədar ciddi təhrif olunmuş, bu ali konstitusiya ədalət mühakiməsi orqanın nüfuzuna xələl gətirən və hüquqi dövlətdə mətbuatın üzərinə düşən mühüm vəzifələrlə bir araya sığmayan məlumatlar dərc olunmaqdadır”. Bu barədə APA-ya Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən daxil olan açıqlamada bildirilir. Konstitusiya Məhkəməsi bəyan edir ki, iyun ayının 23-də Konstitusiya Məhkəməsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və şöbə müdiri Fuad Ələsgərovun iştirakı ilə məhkəməyə təyin edilmiş yeni hakimlərin təqdimat mərasimi keçirilib: “Tədbirdə çıxış edən Ramiz Mehdiyev Konstitusiya Məhkəməsinin ötən dövr ərzindəki fəaliyyəti barədə fikirlərini bölüşüb, bu orqanın hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı sahələrinə verdiyi töhfələrin, qəbul etdiyi qərarların əhəmiyyətini qeyd edib və Konstitusiya Məhkəməsi hakimlərinin bu işdəki rolunu vurğulayıb. O, yeni təyin edilən hakimləri kollektivə təqdim edib, Konstitusiya Məhkəməsinin yeni tərkibdə daha uğurlu fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirərək, məhkəməyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb”.

Qeyd olunub ki, Prezident Administrasiyasının rəhbəri, həmçinin Azərbaycan Respublikasında “Dövlət qulluğu haqqında” Qanunun tətbiqinə nəzarəti həyata keçirən Dövlət Qulluğunu İdarəetmə Şurasının Sədri kimi Konstitusiya Məhkəməsi Aparatının işi ilə bağlı iradlarını ifadə edib, aparatın fəaliyyətinin təkmilləşdirilməsinə dair təklif və tövsiyələrini bildirib.

Bildirilib ki, Konstitusiya Məhkəməsi həmin tədbirlə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən geniş hüquqi-demokratik dövlət quruculuğu prosesini kölgə altına alan, həqiqətə uyğun olmayan qərəzli məlumatların dərc olunmasını pisləyir və bəzi kütləvi informasiya vasitələrinin demokratik dəyərlərə uyğun gəlməyən belə məsuliyyətsiz addımlarına qəti etiraz edir. Mətbuat orqanlarının hüquqi dövlət quruculuğunda, demokratik cəmiyyətdəki roluna böyük önəm verən Konstitusiya Məhkəməsi öz fəaliyyətini daim şəffaflıq prinsipləri üzərində qurub, kütləvi informasiya vasitələri üçün açıq olub.
Məlumatda daha sonra qeyd olunub ki, Konstitusiya Məhkəməsi ötən dövr ərzində qəbul etdiyi 181 qərarda formalaşdırdığı hüquqi mövqelərlə ölkəmizdə qanunvericiliyin təkmilləşdirilməsinə, hüquq düşüncəsinin və mədəniyyətini inkişafına, insan hüquq və azadlıqlarının müdafiəsinə dəyərli töhfələr verib. Bununla yanaşı, məhkəmə cəmi 12 illik iş təcrübəsinə malik olan orqan kimi öz fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə digər dövlətlərin müsbət təcrübəsini öyrənir və tətbiq edir, xarici ölkələrin oxşar yurisdiksiyalı orqanları, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük diqqət yetirir. Məhkəmə öz fəaliyyəti ilə bağlı ictimai müzakirələrə, o cümlədən hüquq ictimaiyyətində aparılan diskussiyalara təbii baxır, bunların nəticəsində ortaya çıxan sağlam tənqidi fikirlərə hörmətlə yanaşır. Lakin Konstitusiya Məhkəməsi mötəbər mənbə adı altında faktların təhrif edilməsini, demokratik dəyərlərə ziyan vuran, ali konstitusiya ədalət mühakiməsi orqanının cəmiyyətdəki yerinə və mövqeyinə uyğun olmayan böhtan xarakterli yazıların mətbuat səhifələrində yer almasını son dərəcə təəssüflə qarşılayır və ümid edir ki, sözügedən kütləvi informasiya vasitələri gələcək fəaliyyətlərini demokratik cəmiyyətdə ictimaiyyəti zəruri və qərəzsiz informasiyalarla təmin etmək kimi mühüm vəzifəyə mütənasib olaraq həyata keçirəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR