BDU-da professor Abuzər Xələfovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

BDU-da professor Abuzər Xələfovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 20 dekabr 2016 12:32 (UTC +04:00)

Bu gün Bakı Dövlət Universitetində (BDU) BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbiri açaraq professor Abuzər Xələfovun kitabxanaşünaslıq sahəsindəki xidmətlərindən danışaraq bildirib ki, SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru kimi şöhrət qazanan professor Abuzər Xələfov kitabxanaşünaslıq-biblioqrafiya sahəsində elmi-pedaqoji kadrların hazırlığında da əvəzsiz rol oynayıb.

Qeyd olunub ki, bu sahədə bir çox ilklərə imza atan Abuzər Xələfovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib, ən ali mükafatlara layiq görülüb.

Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Knyaz Aslan alimin faydalı ömür yaşadığını, böyük bir kitabxanaşünaslıq məktəbi yaratdığını bildirib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, akademiklər Əhliman Əmiraslanov, Vasim Məmmədəliyev, Vasif Babazadə, BDU-nun kafedra müdirləri Bəxtiyar Əliyev, Əyyub Əyyubov, İzzət Rüstəmov, Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Azad Qurbanov və digər çıxış edənlər alimin həyat və elmi yaradıcılığından bəhs edib, yubiley münasibətilə təbrik ediblər.

Sonda Abuzər Xələfov tədbirin keçirilməsinə görə BDU rəhbərliyinə, əməyi olan hər kəsə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR