Azərbaycanda kredit götürənlərin sayı 2,5 mln. nəfəri ötüb

Azərbaycanda kredit götürənlərin sayı 2,5 mln. nəfəri ötüb
# 02 noyabr 2015 10:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin sentyabr ayı ilə müqayisədə 2015-ci ilin eyni dövründə cəmi borcalanların sayı 12,19%, başqa sözlə, 272 319 nəfər artaraq bu ilin oktyabr ayının 1-ə 2 mln. 505 min 575 nəfər təşkil edib.

APA-Economics”in Mərkəzi Banka istinadən yaydığı məlumata görə, bunun 11 min 166 nəfəri hüquqi, 2 mln. 470 min 909-u fiziki şəxs, 23 min 500 nəfəri sahibkarlıq subyektidir.

Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2014-cü ilin sentyabr ayından indiyədək daha 267 555 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 541 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 4223 nəfərlik artım olub.

Təkcə 2015-ci ilin avqust ayı ilə müqayisədə sentyabrda bankdan kredit götürən fiziki şəxslərin sayında 16 907, sahibkarlıq subyektlərinin sayında 330, hüquqi şəxslərin sayında isə 38 nəfərlik artım olub.

Bu ilin sentyabr ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 247 006 sorğu daxil olub. Başqa sözlə, son bir ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 65013 və ya 20,84% azalıb. Bu sorğuların 231 862-si banklar tərəfindən daxil olub. 15144 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib.

2015-ci ilin avqust ayı ilə müqayisədə sentyabr ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, avqustda 13820 nəfər kredit tarixcəsini öyrənmək istəyib, sentyabrda bu göstərici 15144-ə yüksəlib. Başqa sözlə, avqust ayı ilə müqayisədə sentyabrda fiziki şəxslərin sorğularının sayı 9,58% artıb.

Sentyabr ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 505 575, kredit məlumatlarının ümumi sayı isə 10 427 408 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 184 202-dir.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR