Marneulidə Aİ-Gürcüstan sazişi ilə bağlı gürcü ekspertlərlə görüş keçirilib

Marneulidə Aİ-Gürcüstan sazişi ilə bağlı gürcü ekspertlərlə görüş keçirilib
# 12 mart 2016 22:04 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Martın 12-də azərbaycanlıların kompakt yaşadığı Marneulidə Demokratiyaya Dəstək Fondunun təşəbbüsü ilə gürcü ekspertləri ilə görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, QHT rəhbərləri, jurnalistlər və gənclərin iştirak etdiyi görüşdə Aİ ilə Gürcüstan arasında imzalanan Assosiasiya Sazişi, Aİ və Gürcüstan arasında vizasız gediş-gəliş haqqında və mətbuatın fəaliyyəti üçün qrantların ayrılması məsələləri müzakirə olunub. Tədbirdə Regional Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Mixail Mirziaşvili, SOROS Fondunun üzvü, həmçinin "Gürcüstan-Açıq Cəmiyyət" təşkilatının rəhbəri İvane Çxikvaidze iştirakçılar qarşısında çıxış edərək azərbaycanlı əhali arasında, həmçinin vətəndaş cəmiyyətinin digər üzvləri arasında Aİ ilə Gürcüstan arasında imzalanan Assosiasiya Sazişi haqqında informasiyanın az olduğunu və bu günlərdə Aİ tərəfindən qəbul olunan vizasız gediş-gəlişin həyata keçirilməsi haqqında informasiya boşluğunun doldurulmasının vacibliyini vurğulayıblar.

Gürcü eksperti Mixail Mirziaşvili çıxışında Aİ-nin Gürcüstan üçün Assosiasiya Sazişinin imzalanmasının vacibliyini vurğulayıb: "Bizim imkanımız var ki, ölkədə demokratik dövlət yaradaq. İlk öncə, biz azad bazar iqtisadiyyatını dəstəkləməli, öhdəmizə düşən vacib şərtləri yerinə yetirməliyik."

Gürcü ekspert Aİ-ni birləşdirən 28 ölkənin sayının artdığını bildirib. O, Assosiasiya Sazişinin bütünlüklə ratifikasiya olunduqdan sonra Gürcüstanın da 2017-ci ildə Aİ üzvü olacağını qeyd edib. Ekspert sazişin müddəalarından birinin qonşuluq siyasətinin inkişafı ilə bağlı məsələlərin həyata keçirilməsi olduğunu bildirib.

O, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Aİ-yə üzv olan ölkələrin inkişaf etdiyini də vurğulayıb.

O, çıxışında Rusiyanın müharibə yolu ilə qonşuluq siyasətinə maneə olduğunu da qeyd edib.

Tədbirdə çıxış edən SOROS Fondunun üzvü, "Gürcüstan-Açıq Cəmiyyət" təşkilatının rəhbəri İvane Çxikvaidze Aİ ilə vizasız gediş-gəliş barədə Avropa Komissiyası tərəfindən Avropa Parlamentinə və Avropa Şurasına təklif verildiyini bildirib. Ekspert həmçinin viza liberallaşdırılmasının tezliklə həyata keçiriləcəyini bildirib. O, çıxışında həmçinin iştirakçılarla Gürcüstanda söz azadlığı haqqında fikirlərini də bölüşərək, mətbuat üçün qrant layihələri haqqında təklif və rəylərə böyük əhəmiyyət veriləcəyini qeyd edib. SOROS Fondunun üzvü Assosiasiya Sazişində qeyd olunan şərtlərdən birinin də söz azadlığına diqqətin artırılması olduğunu vurğulayıb.

Sonda gürcü ekspertlər tədbir iştirakçılarının suallarını cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR