Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 Avqust

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 Avqust
# 30 avqust 2016 18:09 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

"Fərat qalxanı" əməliyyatının nəticəsində 33 kənd, təxminən 400 kvadrat kilometr ərazi Azad Suriya Ordusunun nəzarətinə keçib. Türkiyə ordusunun əməliyyat imkanları bununla məhdudlaşır. Cızılmış dairədən kənara çıxmaq Suriyada böyük oyunçuları narazı sala bilər. Artıq bu narazılıqlar hiss olunmaqdadır, ABŞ Türkiyənin PYD mövqelərinə zərbə endirməsini yolverilməz sayır, Qərb mətbuatında türk ordusunun guya mülki şəxsləri hədəfə götürdüyü barədə silsilə yazılar dərc edilir. İran susqunluğunu qoruyur, Rusiya Türkiyənin Fəratın qarşı sahilinə keçməsinin narahatlıq doğuracağını bildirir, Suriya isə Ankaranı BMT Təhlükəsizlik Şurasına şikayət edir. Yaranmış mənzərə belədir - Türkiyə ordusunun əməliyyatları Cerablus və Çobanbəy ətrafı ilə məhdudlaşacaq. Bundan sonrası Azad Suriya Ordusunun, yəni muzdluların üzərinə düşür. Azad Suriya Ordusu Afrini, Azezi, Menbiçi təkbaşına azad etmək iqtidarında deyil, çünki hazırkı əməliyyatlarda maksimum 2 min silahlı iştirak edir. Türkiyənin Suriyada maraqlarını sonadək qoruya bilməsi muzdluların sayını artıra bilməsindən asılıdır. Xüsusilə Türkiyədə məskunlaşmış suriyalı qaçqınlara hərbi təlim keçərək onları Suriya ərazisinə göndərmək mühüm əhəmiyyət kəsb edir. İlk baxışdan uğurlu görünə biləcək bu addımın neqativ tərəfləri də var. Birincisi, muzdlular Türkiyənin maraqlarını heç vaxt ordu kimi təmin edə bilməyəcək, ikincisi, Türkiyənin silahlandırdığı təxminən 10 min nəfər sabah bu ölkənin özünə problemlər yarada bilər. Ankara beynəlxalq təzyiqlər altında pat vəziyyətinə düşüb, Suriyadan çıxmaq mümkün deyil, əməliyyatların dairəsini genişləndirmək ikiqat mümkün deyil. Belə olan təqdirdə tək bir iş qalır - tutduğu ərazilərdə hərbi baxımdan möhkəmlənmək. Ankara da belə edir, yəni hələlik duruma uyğun hərəkət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR