DAAD nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə və müəllimlərlə görüşüblər

DAAD nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə və müəllimlərlə görüşüblər
# 10 mart 2016 14:59 (UTC +04:00)

Bakı - APA. Almaniyada təhsil və təqaüd proqramlarını həyata keçirən DAAD (Alman Akademik Mübadilə Xidməti) təşkilatının nümayəndələri bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbə və müəllimlərlə görüşüblər.

AzMİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DAAD-ın Azərbaycan üzrə nümayəndəliyinin akademik müşaviri Səmra Nusal tələbələrə təqaüd proqramları barədə geniş məlumat verib.

Bilidirib ki, DAAD Almaniyada təhsil almaq imkanı qazanan tələbələrimiz üçün alman ali məktəblərində yay dil kursları təqaüdü, master təqaüdü, eyni zamanda doktorantlar üçün elmi müdafiə və tədqiqat təqaüdü təklif edir.

Azərbaycanda bakalavr pilləsinin son kursunu bitirib Almaniyada təhsillərini davam etdirən tələbələr alman ali təhsil müəssisələrində yüksək nəticələr göstərdikləri halda hər ay DAAD-ın təsis etdiyi 750 avro məbləğində təqaüd ala bilərlər. Eyni zamanda doktorantlar da təhsilin sonrakı mərhələsini Almaniyada davam etdirsələr, onlar da DAAD-ın elmi müdafiə və tədqiqat təqaüdünü əldə etmiş olarlar.

S. Nusalın sözlərinə görə, DAAD-ın üzvü olmaq istəyən tələbə və doktorantlar oktyabr və noyabr aylarında ərizələrini qurumun Azərbaycan Neft və Sənaye Universitetində yerləşən ofisinə təqdim edə bilərlər.

Qeyd edək ki, mərkəzi Bonn şəhərində yerləşən, Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təsis olunan DAAD Almaniya ali məktəblərinin birgə qurumudur və beynəlxalq əməkdaşlıq sahəsində ən böyük maliyyələşdiricilərdən biridir.

Bu xidmət təqaüd proqramlarına görə dünya üzrə "Eracmus"dan sonra ən geniş yayılmış təqaüd proqramıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR