Ehud Barak: “İŞİD heç vaxt güzəştə getməyəcək, onu məhv etmək lazımdır”

Ehud Barak: “İŞİD heç vaxt güzəştə getməyəcək, onu məhv etmək lazımdır”
# 10 mart 2016 10:11 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu İsrailin keçmiş baş naziri Ehud Barak Bakıda keçirilən IV Qlobal forum çərçivəsində “Dünya dövlətləri bu gün: gələcəkdə daha çox gərgin məsələlərlə mübarizə aparmaq üçün nəyə ehtiyac var” adlı panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, timsahı yedizdirməklə, onun iştahası azalmayacaq: “Dünyada bəzi pis adamlar düzəlmək istəmirlər. İŞİD, “Boko haram” dəyişməyəcək, güzəştə getməyəcək. Onları məhv etmək lazımdır. Əgər ümumi şəkildə hamı tərəfindən qəbul olunmuş bir hökumət və ya güc olmasa, bu münaqişə həll olunmayacaq. Fələstinlilər heç zaman İsrailin nəzarəti ilə razılaşmayacaq. Prosesə başlamaq üçün siyasi güc olmalıdır”.

Norveçin keçmiş baş naziri Harlem Brundtland isə çıxışı zamanı bəyan edib ki, get-gedə dünyada daha çox ölkələr öz səslərini qaldıra bilir. O qeyd edib ki, insanlar dünyanın inkişafı ilə bağlı fikirlərini səsləndirə bilirlər: “Bu prosesə Şərq, Qərb, yoxsul, varlı, bir sözlə hər kəs qatılıb. Hamı bilir ki, bu ümumi məsuliyyətdir. Bu gün yaşayan nəsillər reallıqla qarşılaşmalıdır. Başa düşməlidirlər ki, gələcək bizim qarşımıza hansı məsuliyyət qoyur. Hər bir ölkə özünə görə məsuliyyət daşıyır. İndiki dünya birgə tədbir görməlidir. İndiki reallıq bizə imkan verir ki, çoxlarının inanmadığı tədbirləri görə bilək”.

Finlandiyanın keçmiş prezidenti Tarya Halonen isə çıxışı zamanı bəyan edib ki, dünyadakı meqaböhranlara baxmayaraq, dayanıqlı inkişafa keçmək lazımdır: “Düşünürük ki, demokratiya, insan haqları dünyanın hər yerində olduqdan sonra dayanıqlı inkişafa keçə bilərik. Halbuki belə deyil. Bu işdə gənclər, qadın və yoxsulluq problemləri ilə məşğul olan QHT-lər iştirak etməlidir. Bu işə biznes cəlb olunmalıdır, yeni iş yerləri açılmalıdır. İnsanlara ləyaqətli əmək verilməlidir, sərhədlər qorunmalıdır. İqtisadi məqsədlər üçün bu sərhədləri dağıda bilmərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR