Azərbaycanın iştirakı ilə Avropa və Asiya arasında yeni marşrutun yaradılması ilə əlaqədar memorandum imzalanıb

Azərbaycanın iştirakı ilə Avropa və Asiya arasında yeni marşrutun yaradılması ilə əlaqədar memorandum imzalanıb
# 15 aprel 2016 08:57 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Rumıniyanın Konstansa şəhərində Avropa-Asiya-Avropa istiqamətində Konstansa limanından keçməklə yük daşımalarının inkişafı ilə bağlı keçirilən üçgünlük dəyirmi masa başa çatıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin Baş direktoru Mamuka Baxtadze, “Moldova Dəmir Yolu” DB-nin Baş direktoru Yuri Topale və Rumıniya “CFR Marfa Sa”nın baş direktoru Laurensiu Cerceskunun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edib.

İştirakçılar Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və İran, eləcə də əks istiqamətdə yük daşımalarının təşkili imkanları, problemli məsələlərin həlli yolları, həmçinin görülən işlər barədə müzakirələr aparıblar. Tədbirin sonunda tərəflər arasında memorandum imzalanıb.

Bundan başqa, Azərbaycan nümayəndə heyəti ilə Rumıniyanın Nəqliyyat Nazirliyinin TRACECA milli katibliyinin baş katibi Maria Grigore arasında ikitərəfli görüş keçirilib. Aparılan danışıqlar zamanı Azərbaycanın tranzit imkanları, ölkəmizdən keçən nəqliyyat dəhlizləri və onların potensialı, bu sahədə görülən işlər, imzalanan müqavilələr haqda məlumat verilmiş, Rumıniya ilə bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Qeyd edək ki, Rumıniyanın İran, Orta Asiya və Çınlə ticarət dövriyyəsi kifayət qədər böyükdür. İran İslam Respublikası ilə Rumıniya arasında 117.2 mln $, Çin ilə Rumıniya arasında 4 mlrd dollar, Türkmənistan ilə Rumıniya arasında 43.5 mln dollar, Özbəkistan ilə Rumıniya arasında 26.5 mln dollar, Qazaxıstan ilə Rumıniya arasında 3.2 mlrd dollar, Qırğızıstan ilə Rumıniya arasında 5.5 mln dollar, Pakistan ilə Rumıniya arasında 194.2 mln dollar, Tacikistan ilə Rumıniya arasında – 836 000 dollar ticarət dövriyyəsi var. Bu yüklərin, Azərbaycandan keçməklə, daşınması ən əlverişli yol sayılır. Rumıniya nümayəndələri də bu yola böyük maraq göstəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR