AXCP rəhbərliyi Müsavat funksionerlərinin iradlarına cavab verib

AXCP rəhbərliyi Müsavat funksionerlərinin iradlarına cavab verib
# 25 sentyabr 2015 15:21 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “AXCP üzvləri seçki prosesinin necə keçiriləcəyini özləri müəyyən edəcəklər”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, partiyanın qurultayında sədrlik postuna seçkilərin açıq və ya gizli səsvermə ilə keçirilməsi qurultayın səlahiyyətinə daxil olan məsələdir: “Orda verilən bütün təkliflər qiymətləndiriləcək. Yəni, partiyanın sədrliyinə keçiriləcək seçkilərin açıq və ya gizli səsvermə yolu ilə keçirilməsini qurultay nümayəndələri müəyyənləşdirəcək. AXCP-nin Nizamnaməsində hər iki forma nəzərdə tutulub. Ona görə də bu məsələni qurultaydan kənarda həll etmək mümkün deyil”.

F. Qəhrəmanlı seçkilərin açıq səsvermə ilə keçirilməsinin tərəfdarı olduğunu açıqlayıb: “Çünki AXCP üzvləri indiyədək bu formada səs veriblər. Əgər bu, onların iradəsinə təsir etmiş olsaydı, onda açıq səsvermə keçirilməzdi. Demokratiya uğrunda mübarizə aparan insanların öz iradələrini ifadə edərkən nədənsə, qorxub-çəkinəcəkləri barədə deyilənlər əsassızdır. Ona görə də cəbhəçilər tam sərbəst formada səsvermə prosesini özləri təyin edəcəklər. Bunlar qurultay günü səsə qoyularaq müəyyən olunacaq”.

Qeyd edək ki, AXCP-nin qurultayı sentyabrın 27-də keçiriləcək. Müsavat Partiyasının Divan üzvləri Nemət Kərimli və İkram İsrafil AXCP-nin qurultayında seçkilərin gizli səsvermə yolu ilə keçirilməsinin vacibliyini bildiriblər. N. Kərimli seçkilərin açıq səsvermə ilə keçiriləcəyi halda, azad və ədalətli olmayacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR