Amerika Yəhudi Komitəsinin İdarə Heyətinin toplantısında Azərbaycanın əhəmiyyətdən bəhs olunub

Amerika Yəhudi Komitəsinin İdarə Heyətinin toplantısında Azərbaycanın əhəmiyyətdən bəhs olunub
# 24 fevral 2016 05:11 (UTC +04:00)

Bakı-APA. 21-23 fevral tarixlərində ABŞ-ın Mayami şəhərində ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatlarından biri sayılan “Amerika Yəhudi Komitəsi” (AYK) İdarə Heyətinin (Board of Governors of the American Jewish Committee) illik konfransı keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, konfransın natiqləri arasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da olub. Bu əlamətdar tədbirin plenar toplantılarından birinin qonağı olmuş Azərbaycan nümayəndəsi təşkilatın icraçı direktoru Devid Harrisin moderatorluq etdiyi və o cümlədən Bolqarıstan və Uruqvayın ABŞ-dakı səfirlərinin qatıldığı paneldə məruzə ilə çıxış edib. Bu tədbirin 500 nəfərlik auditoriyasında ABŞ Konqresinin üzvləri, Florida ştatının rəsmiləri, Mayami şəhərinin meri və yerli ictimaiyyətin çoxsaylı nümayəndələri olub.

Toplantının açılış hissəsində AYK-in icraçı direktoru D.Harris Azərbaycanın regionda oynadığı strateji rol və malik olduğu əhəmiyyətdən söz açıb və Azərbaycan rəhbərliyinin qlobal tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsindən yana çalışdığını bəyan edib.

Azərbaycan diplomatı öz növbəsində regionumuzdakı son vəziyyət barədə fikirlərini bölüşüb, cəmiyyətimizdə dərin kök salmış dini tolerantlıq mühiti haqqında məlumat verib və ölkəmizin qətiyyətlə ekstremizm, separatizm və radikalizmə qarşı çıxdığını göstərib. O, Azərbaycanın bir tolerantlıq nümunəsi olaraq, mədəniyyətlər və dinlərarası dialoqa böyük əhəmiyyət verdiyini vurğulayıb və xüsusilə yəhudi icmasının cəmiyyətimizdə digər icmalarla birlikdə əsrlər boyu qarşılıqlı anlaşma şəraitində həyat sürdüyünü bildirib.

Qeyd olunmalıdır ki, ABŞ-ın ən aparıcı yəhudi təşkilatları tərəfindən Azərbaycana göstərilən diqqət şübhəsiz ölkəmizə yetirilən əhəmiyyətin göstərici kimi qəbul edilə bilər. Xatırlatmaq lazımdır ki, AYK-in icraçı direktoru D.Harris 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında “Dostluq Ordeni” ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR