Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yaponiyada səfərdə olub

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yaponiyada səfərdə olub
# 11 mart 2016 14:35 (UTC +04:00)

Bakı-APA. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov martın 7-dən 11-dək Yaponiyada səfərdə olub.

APA-nın xəbərinə görə, Yaponiya tərəfinin dəvəti ilə həyata keçirilən səfərin məqsədi iki ölkə arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri, bu əlaqələrin daha da intensivləşməsi istiqamətində ətraflı fikir mübadiləsi aparmaq olub.

Prezidentin köməkçisinin Yaponiya Nazirlər Kabineti baş katibinin müavini, parlamentin üzvü Hiroşiqe Seko ilə görüşündə ölkəmizin malik olduğu karbohidrogen ehtiyatlarının hasilatından bacarıqla istifadə edərək son illər mühüm uğurlara imza atdığı xüsusi qeyd edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayan H. Seko ölkəmizin bu sahədə nail olduğu ciddi irəliləyişin Yaponiyada maraqla qarşılandığını deyib. Eyni zamanda, Azərbaycanın regionda və dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında rolunun əhəmiyyətli dərəcədə artdığını bildirib. Səfərin əhəmiyyətini xüsusi qeyd edən H. Seko iki ölkə arasında münasibətlərin mütəmadi inkişafının məmnunluq doğurduğunu və Yaponiya tərəfinin iqtisadi əməkdaşlığı genişləndirməkdə daha maraqlı olduğunu vurğulayıb.

Ə. Həsənov Yaponiyanın Sakit okean, Azərbaycanın isə Xəzər hövzəsi və Cənubi Qafqazda əhəmiyyətli rol oynadığını, yapon şirkətlərinin ölkəmizin iqtisadiyyatına investisiya qoyuluşunu davam etdirməsinin zəruriliyini qeyd edib.

Azərbaycanın dinamik inkişafı və Prezident İlham Əliyevin yürütdüyü yeni islahat kursu haqda məlumat verən Ə, Həsənov ölkəmizin həssas regionda yerləşməsinə baxmayaraq, müstəqil, fəal və sabitləşdirici xarici siyasət yürütdüyünü, dünyada nüfuzunun ilbəil artdığını diqqətə çatdırıb.

Prezident köməkçisinin Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri, Yaponiya Nazirlər Kabineti nəzdində Olimpiya Agentliyinin rəhbəri Takeo Hirata, xarici işlər üzrə dövlət naziri, xarici işlər nazirinin müavini Miki Yamada və Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlərində əsasən, iki ölkə arasında iqtisadi, mədəni, sosial və idman sahələrində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Ə. Həsənovun keçirdiyi görüşlərdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edib.

Səfər çərçivəsində o, Yaponiyanın Kyodo News və JIJI PRESS kimi nüfuzlu agentliklərinə müsahibə verib. Səfərin sonunda Hiroşima və Kioto şəhərlərini ziyarət edən Ə. Həsənov tarixi keçmişə malik bu yaşayış məntəqələrinin görməli yerləri ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR