Aydın Əliyev Ağdaşda ictimaiyyət nümayəndələri ilə görüş keçirib

Aydın Əliyev Ağdaşda ictimaiyyət nümayəndələri ilə görüş keçirib
# 05 fevral 2016 12:28 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov-APA. Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Ağdaş rayonunda ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov son illər rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. İcra başçısı hazırda rayonda “Türyançay” heyvandarlıq kompleksinin, meyvə emalı zavodunun, “Gilan” Holdinq"in yem emalı zavodunun fəaliyyət göstərdiyini, biyan emalı zavodunun inşasının davam etdirildiyini bildirib. Məlumat verilib ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir, əkinçilik, meyvəçilik və heyvandarlıq inkişaf etdirilir.

DGK sədri Aydın Əliyev çıxış edərək regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunan konfransda müzakirə edilən məsələlər, həmçinin Prezident İlham Əliyevin dövlət qurumları və yerli icra strukturları qarşısında qoyduğu vəzifələr barədə ətraflı məlumat verib.

Aydın Əliyev bildirib ki, sahibkarlara münbit şərait yaradılması istiqamətində gömrük orqanları bir sıra tədbirlər həyata keçirir. Komitənin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir, bu məqsədlə vaxtaşırı olaraq gömrük orqanlarında iş adamları ilə görüşlər keçirilir, ölkədə baş verən iqtisadi proseslər, idxal-ixrac əməliyyatlarının vəziyyəti barədə həm sahibkarlar məlumatlandırılır, həm də onların fikirləri öyrənilir və təklifləri dəyərləndirilir.

Komitə sədri həmçinin prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən antiböhran tədbirlərindən danışıb.

Tədbirdə iş adamları çıxış edərək öz fəaliyyət sahələri, istehsal etdikləri məhsullar və üzləşdikləri çətinliklər barədə məlumat veriblər. Onlar rayonda pambıqçılıq, çəltikçilik və taxılçılığın inkişafı, əkin sahələrinin suvarılması və şoranlaşmış torpaqların yenidən əkinə qaytarılması üçün tədbirlərin görülməsi, heyvandarlığın inkişafı ilə bağlı təkliflər irəli sürüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR