MSK: Bu günədək 55 siyasi partiyadan 44-ü illik maliyyə hesabatını təqdim edib

MSK: Bu günədək 55 siyasi partiyadan 44-ü illik maliyyə hesabatını təqdim edib
# 31 mart 2016 10:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Sabah siyasi partiyaların ötən illə bağlı illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət başa çatır.

MSK sədrinin müavini Natiq Məmmədovun APA-ya verdiyi məlumata görə, bu günə qədər 44 partiya hesabatı MSK-ya təqdim edib.

N. Məmmədov deyib ki, 11 siyasi partiyanın günün sonuna qədər maliyyə hesabatlarını MSK-ya təqdim etməsini gözləyirlər: “Keçən illə müqayisədə siyasi partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etməsi sahəsində irəliləyiş hiss olunur. Əgər 2015-ci illə müqayisə etsək, siyasi partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etməsi sahəsində 90 faizə qədər irəliləyiş var. Təşkilatçılıq, tərtib etmə baxımından açıq irəliləyişlər hiss olunur. MSK-nın təşkil etdiyi seminarlar, maarifləndirmə xarakterli tədbirlər öz nəticələrini verir”.

Qeyd edək ki, Azərbaycanda 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən 2015-ci ildən başlayaraq siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR