DSMF keçirdiyi interaktiv sorğunun nəticələrini açıqlayıb

DSMF keçirdiyi interaktiv sorğunun nəticələrini açıqlayıb
# 17 fevral 2016 09:10 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az informasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirmək məqsədi ilə keçirilən növbəti interaktiv sorğu başa çatıb.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, budəfəki sorğu zamanı respondentlərə "Pensiyanızın məbləğinin ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi?" sualı ünvanlanıb.

Sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 50,53%-i "Pensiyanızın məbləğinin ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi?" sualına "bəli", 37,35%-i isə "xeyr" cavabını veriblər. Sorğuya qatılanların 12,12%-i isə ümumiyyətlə, bu haqda məlumatsız olduqlarını vurğulayıblar.

Hazırda respublikamızda əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edir. Bununla bağlı işləyənlər (sığortaolunan) işəğötürənlərlə (sığortaedən) əmək müqavilələrinin bağlanılmasında, əməkhaqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar.

Qeyd edək ki, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan həm fondun saytı (www.sspf.gov.az), həm də “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər.

Bununla yanaşı, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR