Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 Yanvar

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 Yanvar
# 18 yanvar 2016 17:11 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Dünya neft bazarında spekulyasiyalar davam edir. ABŞ-a qeyri-iş günü olması səbəbilə birjalar fəaliyyət göstərməyib, ölkənin iqtisadi durumunu əks etdirəcək hesabatlar sabahdan etibarən açıqlanacaq, eyni zamanda Çinin iqtisadi durumuna dair növbəti hesabatın açıqlanması həftə sonuna qalıb. Bu səbəbdən neftin qiymətinin bu gün sabit qalacağı gözlənilirdi. Əslində belə də oldu, həftəyə 28.94 dollarla başlayan neftin qiyməti birjaların səhər seanslarında 27.72 dollaradək endi və birdən qəfil yüksəlişə keçdi. Bahalaşmanın iqtisadi əsasları olmadığı halda neftin dəyərinin 2 dollara yaxın qiymət diapazonunda oynaması nə ilə bağlı idi? Bu sual hamını düşündürüb və əksəriyyətin gəldiyi qənaət belədir – bazarda spekulyasiyalar hökm sürür. Neft bazarını real iqtisadi göstəricilər deyil, spekulyativ manevrlər idarə edir. Təsadüfi deyil ki, Birləşmiş Ərəb Əmirlikləri və Oman sultanlığının neft hasilatını aşağı salacağı barədə məlumatlar belə neftin qiymətini qaldıra bilmədi. Bu onu göstərir ki, neftin ucuzlaşmasında doğrudan da siyasi faktorlar önəmli rol oynayır, iqtisadi mexanizmlər belə neftin qiymətinin bahalaşmasına təsir göstərməkdə acizdir. Neftin qiymətində hələ də eniş müşahidə olunur və tendensiya sabah da davam edəcək. Amerika birjaları sabah işə başlayır, müxtəlif hesabatlar açıqlanacaq, İrana qarşı sanksiyaların qaldırılmasının bazara emosional təsiri qalmaqdadır. Bu baxımdan çərşənbə axşamı “qara qızıl” üçün doğrudan da qara gün ola bilər. Gözləyək!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR