“Qaçaq qocalar” tamaşası Türkiyədə nümayiş olunub

“Qaçaq qocalar” tamaşası Türkiyədə nümayiş olunub
# 15 fevral 2016 12:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Teatr Xadimləri İttifaqında Elçin Hüseynbəylinin “Qaçaq qocalar” tamaşasının Türkiyədə qastrol səfərində iştirakı ilə bağı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ittifaqın katibi, xalq artisti Hacı İsmayılov bildirib ki, qastrol səfəri Türkiyə teatr ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib: “Səfər müddətində “Qaçaq qocalar” tamaşası İstanbulda, Bursada və Antalyada bir neçə dəfə nümayiş olundu, alqışlarla qarşılandı”.

H.İsmayılov qeyd edib ki, ittifaqın “Rejissor” laboratoriyasında xalq artisti Cənnət Səlimovanın rəhbərliyi ilə hazırlanan tamaşa Türkiyənin Bozüyük rayonunda keçirilən “Beynəlxalq Metristəpə Teatr günləri” və Antalya Böyükşəhər Teatrı tərəfindən təşkil olunmuş “Qonaq teatrlar” layihəsi çərçivəsində təqdim olunub.

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət bildirib ki, Azərbaycan teatrının müxtəlif ölkələrdə tanıdılması üçün ittifaq tərəfindən aparılan işlər gələcəkdə də davam edəcək.

Qeyd edək ki, səhnə əsərində rolları əməkdar artist Nofəl Vəliyev, aktyorlar Kərəm Həsənzadə, Bəhruz Vaqifoğlu və Məsumə Babayev ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR