Təhsil Nazirliyi təhsil müəssisələrinin idarə olunması qaydasını açıqlayıb

Təhsil Nazirliyi təhsil müəssisələrinin idarə olunması qaydasını açıqlayıb
# 15 fevral 2016 13:51 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə görə təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir.

APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsindən bildirilib. Qeyd olunub ki, dövlət təhsil müəssisəsinə rəhbərliyi dövlət ali təhsil müəssisələrində Azərbaycan prezidenti, yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla digər təhsil müəssisələrində Təhsil Nazirliyi tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir: “Dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Elmi və pedaqoji şuraların yaradılması və fəaliyyəti Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş əsasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən edilir. Bələdiyyə təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən təyin edilmiş bələdiyyə təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. Özəl təhsil müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçilər (himayəçilər, qəyyumlar) şurası tərəfindən təyin edilmiş özəl təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir”.

“Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan vətəndaşı olmalıdır. Göstərilən təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi Təhsil Nazirliyi ilə razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması təhsil müəssisəsi rəhbərinin və onun müavininin namizədliyi razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə təhsil müəssisəsində idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, elmi, elmi-metodiki, pedaqoji, məktəb, valideynlər, təhsilalanlar, qəyyumlar şuraları və s.) yaradıla bilər. Bu qurumların yaradılması qaydaları və səlahiyyətləri təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun olaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir. Təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir” – deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR