Azərbaycan “ITU Telecom World 2015” sərgisində təmsil olunub

Azərbaycan “ITU Telecom World 2015” sərgisində təmsil olunub
# 16 oktyabr 2015 13:40 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılığı ilə Azərbaycanın, İKT sahəsində fəaliyyət göstərən 20-ə yaxın milli şirkəti, o cümlədən özəl, dövlət və qeyri-hökumət təşkilatları, eyni zamanda “start-up” qruplarının üzvlərindən ibarət ümumilikdə 40 nəfərlik nümayəndə heyəti “ITU Telecom World 2015” Beynəlxalq Telekommunikasiya Sərgi-konfransında iştirak etmək məqsədilə Macarıstanın Budapeşt şəhərində səfərdə olub.

Nazirliyin mətbuat və informasiya mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, “ITU Telecom World 2015” çərçivəsində təşkil olunan tədbirlərə Macarıstanın baş naziri Viktor Orban, çoxsaylı ölkələrdən sahə üzrə nazirlər, aparıcı İKT şirkətləri, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri, “start-up”- çılar qatılıblar.

Sərgidə Azərbaycan Milli İKT Pavilyonu təşkil edilib. “ITU Telecom World 2015” Beynəlxalq Telekommunikasiya Sərgi-konfransının açılış mərasimindən sonra təşkil olunan “VIP Tur” zamanı Macarıstanın baş naziri və ali qonaqlar ilk olaraq Azərbaycanın Milli İKT Pavilyonu, daha sonra isə digər ölkələrin pavilyonları ilə yaxından tanış olublar. Həmçinin tədbirin mövzusuna uyğun olaraq, Azərbaycanın ən yaxşı “start-up”ları “ITU Telecom World 2015” çərçivəsində keçirilən müsabiqələrə qatılıblar.

“Hökumət və Kiçik-Orta Sahibkarlıq dialoqu” adlı sessiyada və eyni gündə 15 nazirin iştirakı ilə təşkil olunan “Nazirlər toplantısında” nazir Ə.Abbasov panelçi kimi çıxış edib və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələr barədə ətraflı məlumat verib. Daha sonra təşkilatçıların müraciəti ilə Azərbaycan nümayəndə heyəti adından tədbiri işıqlandıran “Blumberg” telekanalına müsahibə verib.

Səfər çərçivəsində nazir Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi, Dünya Bankının İKT üzrə baş direktoru, Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının baş katibi, həmçinin Macarıstan, Rusiya, Pakistan, İran, Əfqanıstan, Myanmar, Banqladeş və Serbiyanın sahə üzrə nazirləri, dünyanın məşhur “Intel” və “Huawei şirkətlərinin vitse-prezidentləri, o cümlədən Azərbaycanın İKT sektoruna sərmayə qoyuluşunda maraqlı olan macarıstanlı iş adamları ilə ikitərəfli görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR