Məzunların imtahan göstəriciləri məktəblərə göndərilib

Məzunların imtahan göstəriciləri məktəblərə göndərilib
# 30 mart 2016 09:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 2015/2016-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinin elmi-statistik təhlilinə həsr edilmiş 12-ci nömrəsinin elektron versiyasını təhsil ictimaiyyətinə təqdim edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu nömrədə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə üzrə, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, bunların əsas parametrləri əhatəli şəkildə araşdırılmış, təklif və tövsiyələr irəli sürülüb.

Abituriyent jurnalının 12-ci nömrəsinə əlavə olaraq hər bir rayon və məktəb məzunlarının qəbul imtahanlarındakı göstəricilərini əks etdirən kitabçalar məktəb pedaqoji şuralarında müzakirə olunmaq üçün əvəzsiz olaraq təhsil şöbələri və məktəblərə paylanılıb. Bununla bərabər, hər bir məktəb üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri “Mənim məktəbim” informasiya ehtiyatında (www.mekteb.edu.az) yerləşdirilib.

Qeyd edək ki, "Mənim məktəbim" informasiya ehtiyatı Dövlət İnformasiya Ehtiyatlarının Reyestrində dövlət qeydiyyatına alınıb. Burada 1995-ci ildən bəri olan dövr üzrə respublikanın bütün məktəblərinin məzunlarının göstəricilərinin dinamikası təhlil şəklində yerləşdirilib. Bu məlumatlar fənlər üzrə düzgün cavabların faizlərini, orta imtahan ballarının və ali məktəblərə qəbul olma göstəricilərinin dinamikasını tam şəkildə əhatə edib. Sözügedən informasiya ehtiyatında təfərrüatı ilə bütün məktəblər üzrə qəbul imtahanlarında iştirak edən məzunların sayı, onlardan qız və oğlanların statistik göstəriciləri ayrı-ayrılıqda verilməklə, toplanılan orta ballar, ödənişli və ödənişsiz əsaslarla universitetə qəbul olanların sayı və s. kimi əhəmiyyətli statistik məlumatlar öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR