Nazirlik: Azərbaycan gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr sırasındadır

Nazirlik: Azərbaycan gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr sırasındadır
# 02 fevral 2016 08:19 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqaməti də məhz gəncləri əhatə edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu istiqamətdə aparılan işlərin davamı olaraq, ötən il nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmin etdiyi 29 min nəfər işsiz və işaxtaran şəxsin 40%-ni (11 604 nəfər) gənclər təşkil edib. Həmin dövrdə ödənişli ictimai işlərə cəlb olunan 1 626 nəfərin 29%-i (471 nəfər), xidmətin əmək birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilən 4117 nəfərin 42,2%-i (1 738 nəfər) gənclərdən ibarət olub. Gənc işçi qüvvəsinin əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnmələri üçün görülən işlər də uğurla davam etdirilir. Keçən il Dövlət Məşğulluq Xidmətinin xətti ilə müxtəlif peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 4 147 nəfər vətəndaşın 71,5%-i (2 964 nəfər) məhz gənclərdir.

Azərbaycan prezidentinin sağlamlıq imkanları məhdud gənclərə diqqət və qayğısının növbəti təzahürü kimi ƏƏSMN-nin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yaradılması həmin gənclərin peşə reabilitasiyası istiqamətində tədbirlərin xeyli güclənməsinə şərait yaradıb. Dövlət başçısının iştirakı ilə açılışı olan bu mərkəzdə ötən müddətdə ölkəmizin müxtəlif bölgələri üzrə 700 nəfərə yaxın sağlamlıq imkanları məhdud gənc peşə hazırlığına cəlb olunub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu təbəqədən olan gənclər üçün ötən ilin noyabrında Abşeron rayonunun Masazır qəsəbəsində 120 mənzilli yaşayış binası istifadəyə verilib. Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" Sosial Müəssisəsi kimi fəaliyyət göstərən bu binada qeyd olunan şəxslərin məşğulluğunun təminatı da diqqətdə saxlanılıb. Belə ki, müəssisədəki iş yerlərində (kafe, bərbərxana, ticarət salonu, stolüstü oyun və internet zalları, camaşırxana və s. ) burada yaşayan gənclərin özlərinin işləməsi nəzərdə tutulub və bununla da ümumilikdə 35 məzunun işlə təminatı üçün şərait yaradılıb.

Gənclərin əmək bazarına çıxışının dəstəklənməsi yönündə tədbirlər tələbə və məzunları da əhatə edir. Təkcə ötən il “Karyerada ilk addım” devizi altında respublikanın 11 ali təhsil müəssisəsində aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə tələbə və məzunlara əmək bazarı barədə ətraflı məlumatlar verilərək onlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulması təmin olunub. Bununla yanaşı, son illərdə tələbə və məzunların yiyələndikləri ixtisaslar üzrə praktik bacarıqlara malik olmaları üçün ali təhsil müəssisələrində virtual (təcrübə) müəssisələrinin yaradılmasına başlanılıb. Gənclərin düzgün peşə seçiminin onların gələcəkdə uğurlu əmək fəaliyyəti üçün mühüm önəm kəsb edir və bu məqsədlə təkcə keçən il Dövlət Məşğulluq Xidməti tərəfindən 114,6 min nəfərə yaxın gəncə peşəyönümü məsləhətləri verilib.

Hazırda ölkəmizdə “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması işləri aparılır və yeni layihədə də gənclərin məşğulluğunun təminatının prioritet istiqamətlərdən biri kimi müəyyən olunacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR