Türkiyənin mədəniyyət və turizm naziri: “Rus turistlərin yenidən ölkəmizə axın edəcəklərinə inanıram”

Türkiyənin mədəniyyət və turizm naziri: “Rus turistlərin yenidən ölkəmizə axın edəcəklərinə inanıram”
# 11 iyul 2016 17:08 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. “UNESCO çərçivəsində türk və Balkan ölkələri ilə daha güclü şəkildə əməkdaşlıq edəcəyik”.

Bu sözləri APA-nın Türkiyə bürosunun sualını cavablandıran Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı deyib. O, TÜRKSOY-a üzv ölkələr arasında UNESCO çətiri altında əməkdaşlığın gücləndirilməsi məqsədilə iki gün öncə önəmli bir toplantı keçirdiklərini söyləyib: “Orada qərara aldıq ki, TÜRKSOY-a üzv olmayan ölkələr, məsələn, Moldova, Bosniya-Herseqovina və Balkan ölkələri ilə də əməkdaşlığımızı gücləndirək. Bizim UNESCO çətiri altında bu şəkildə birlik yaratmağımız təbiidir, çünki dünyanın müxtəlif guşələrindən olan ölkələrin öz aralarında yaratdıqları bu cür qruplar var. Biz də UNESCO çərçivəsində bəzi qərarların daha sürətlə qəbul edilməsi və yerinə yetirilməsi baxımından bu addımımızı düzgün hesab edirik. Biz o ölkələrlə türk mədəniyyətinin ortaq nöqtələri barədə mühüm layihələr hazırlayaraq UNESCO-nun gündəminə gətirəcəyik. Bu yaxınlarda Türkiyəni, Azərbaycanı, Türkmənistanı, Qazaxıstanı da yaxından maraqlandıran qapalı hövzələrin qorunması ilə bağlı layihəni birlikdə hazırlayıb, gündəmə gətirməyi düşünürük. Bundan əlavə, müştərək mədəniyyətimizə dair bir çox məsələ üzərində birgə çalışaraq layihələrimizi UNESCO-ya təqdim edəcəyik”.

Rusiyanın öz vətəndaşlarının Türkiyəyə istirahətə gəlməsinə icazə verməsindən sonra çarter uçuşları probleminin həll edilməməsinin səbəbləri barədə sualı cavablandıran N. Avcı deyib ki, ötənilki Ramazan bayramında Türkiyənin turist bölgələrinə təxminən 3 milyon yerli turist gedib: “Bu il bu rəqəmin təxminən 3,5 milyon olacağını təxmin etmişdik. Ancaq statistika göstərdi ki, builki Ramazan bayramında istirahət bölgələrimizə 4 milyon 750 min yerli turist gedib. Ümid edirəm ki, Qurban bayramında bu rəqəm daha da yüksələcək. Rus turistləri yenidən axın halında ölkəmizdə görmək bizi məmnun edəcək. Çarter reysləri məsələsinin bu günlərdə uğurla həll olunacağına və rus turistlərin yenidən ölkəmizə axın edəcəklərinə inanıram. Daha əvvəl də dediyim kimi, türk-rus münasibətləri çimərliklərə və ya inşaat meydançalarına sığmayacaq dərəcədə geniş əhatəlidir. Biz münasibətlərimizi daha da inkişaf etdirmək üçün öhdəmizə düşən vəzifələri yerinə yetirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR