Qurban Qurbanov: “Komanda düşündüyüm kimi oynasa, 1 yox, 3 xal da qazana bilər”

Qurban Qurbanov: “Komanda düşündüyüm kimi oynasa, 1 yox, 3 xal da qazana bilər”
# 30 sentyabr 2015 13:32 (UTC +04:00)

Bakı – APA. “Çox sürətli və istəkli komandaya qarşı oynayacağıq. “Anderlext” həmişə öz transferlərinə görə çoxlarından üstün olub”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ölkəmizi Avropa Liqasında təmsil edən Ağdam klubu qrup mərhələsinin ikinci turu çərçivəsində sabah “Anderlext”lə qarşılaşacaq. Oyundan öncə mətbuat konfransı keçirən Qurbanov ənənəvi olaraq, ehtiyatlı danışıb: “Rəqibin heyətində ustalıq səviyyəsi yüksək olan oyunçular çoxdu. Bu vaxta qədər “Anderlext”in bir neçə üzvü iddialı klublara keçib. Diqqətli olmalıyıq. Hələ o vaxt demişdim ki, bu cür komandaların Bakıya gəlməsi futbolumuzun inkişafı üçün təkandı. Hər bir oyunçumuz dərk edir ki, sabah istəkli, sürətli oynamalıyıq. Nəticə üçün əlimizdən gələni edəcəyik. Biz bütün görüşlərdə, əsas da Bakıda yaxşı nəticə əldə etmək istəyirik. Sabah bizə psixoloji hazırlıq da çox lazım olacaq. İstərdim ki, oyunu qələbə ilə başa vuraq. Amma rəqibin də gücünü dəyərləndirməliyik”.

Komandada əhval-ruhiyyənin yaxşı olduğunu deyən 43 yaşlı məşqçi psixoloji hazırlıqdan danışıb: “Psixoloq barədə mənə çox sual verilib. Mənim komandama psixoloq lazım deyil. Çünki özüm futbolçularla tez-tez söhbət edirəm. Həm futbolçular mənə inanır, həm də mən onlara. Biz “Tottenhem”ə 1 qol vurandan sonra üçünü buraxdıqsa, “Mançester Siti” qol vurduqdan sonra 4-nü buraxdı. Burda psixoloji problemdən söhbət gedə bilməz. Normaldı ki, hər qol vuran komandanı rəqib məcbur edir ki, müdafiəyə çəkilsin. Sabah heç bir psixoloji gərginlik olmayacaq. Mən göstərdiyimiz oyuna daha çox dəyər verirəm. Əgər komanda düşündüyüm kimi oynasa, 1 yox, 3 xal da qazana bilər”.

Qurbanov “Anderlext”in heyətində güclü futbolçuların toplaşdığını qeyd edərək, onları maraqlı görüşün gözlədiyini bir daha vurğulayıb: “Rəqibin istedadlı oyunçuları var. Çox istəkli və sürətlidilər. Okakanı xüsusi qeyd edərdim. İnsayd hücumçuları sürətlidi. Mərkəz müdafiəçiləri ucaboydular, standart vəziyyətlərdə təhlükəlidilər. Hər xətdə yaxşı seleksiya işləri aparıblar. Sağ müdafiəçiləri həm hücumda, həm müdafiədə oynayır, meydanın hər yerində görünür. Belə komandaya qarşı oynamaq bizim üçün daha maraqlı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR