Azərbaycan prezidenti İran daxili işlər nazirini qəbul edib

Azərbaycan prezidenti İran daxili işlər nazirini qəbul edib
# 03 oktyabr 2016 09:12 (UTC +04:00)

Baki – APA. Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Prezidentlər səviyyəsində mütəmadi görüşlərin keçirilməsinin önəmini qeyd edən İ. Əliyev İran prezidenti Həsən Ruhaninin bu ilin avqust ayında Azərbaycana və özünün İrana son rəsmi səfərini məmnunluqla xatırlayıb.

Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə daha da yüksək səviyyəyə qaldırılmasının əhəmiyyətini vurğulayan dövlət başçısı xüsusilə daxili işlər nazirlikləri arasında əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. Prezident İlham Əliyev Ə. Fəzlinin ölkəmizə səfərinin bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Ə. Fəzli son illər ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və çox yaxşı nəticələr əldə olunduğunu vurğulayıb: “Prezident Həsən Ruhani bildirdi ki, iki tərəf arasında əldə olunan razılaşmalara əsasən işlərin daha da genişləndirilməsi və irəliləməsi üçün bütün səylər göstərilməlidir. Cənab Ruhani bu işlərin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi”.

Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR