Bakıda Cənub Qaz Dəhlizi ölkələrinin energetika nazirlərinin Məşvərət Şurasının II toplantısı keçiriləcək

Bakıda Cənub Qaz Dəhlizi ölkələrinin energetika nazirlərinin Məşvərət Şurasının II toplantısı keçiriləcək
# 08 fevral 2016 12:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Fevralın 29-da Bakıda Cənub Qaz Dəhlizi (CQD) ölkələrinin energetika nazirlərinin Məşvərət Şurasının II toplantısının keçirilməsi nəzərdə tutulub.

Bu barədə “APA-Economics”ə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva məlumat verilib.

Onun sözlərinə görə, artıq müxtəlif ölkələri və qurumları təmsil edən şəxslərə rəsmi dəvət məktubları göndərilib.

Z. Əliyeva qeyd edib ki, dəvət məktubu göndərilən hökumət rəsmiləri arasında Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrak, Yunanıstanın ətraf mühit və energetika naziri Panos Skourletis, Albaniyanın enerji və sənaye naziri Damian Qyiknuri, Bolqarıstanın enerji naziri Temenujka Petkova, İtaliyanın sənaye nazirinin müavini Klaudio de Vinsenti, İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi, Böyük Britaniya baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxıstan üzrə ticarət elçisi Lord Astor of Hever DL, Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç, ABŞ-ın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hoçsteyn (Amos Hochstein), Serbiyanın enerji və mədən naziri Aleksandr Antiç, Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdolyakın adı var.

O bildirib ki, həmçinin dəvət edilənlər sırasında Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Sir Suma Çakrabarti, AYİB-in enerji məsələləri üzrə icraçı direktoru Rikkardo Puliti, Dünya Bankı qrupunun prezidenti Cim Yon Kim, Dünya Bankı qrupunun Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller, Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakao, AİB-in özəl sektordakı əməliyyatlar üzrə baş direktoru Tod Frilənd, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) icraçı vitse-prezidenti vəzifəsinin icra edən və baş icraçı direktor Efiopis Tafara, Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer, EIB-in Cənubi Qafqaz üzrə vitse-prezidenti Laslo Baranya, Trans-Anadolu Boru Kəmərinin (TANAP) baş direktoru Hüseyin Saltuk Düzyol, Trans-Adriatik Boru Kəmərinin (TAP) baş icraçı direktoru Yan Bredşounun da adı yer alıb.

Qeyd edək ki, CQD ölkələrinin energetika nazirlərinin Məşvərət Şurasının birinci görüşü 2015-ci il fevralın 12-də Bakıda keçirilib və həmin iclasda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR