“Azpetrol” Samuxda və Gəncədə yeni yanacaqdoldurma məntəqələrini açıb

“Azpetrol” Samuxda və Gəncədə yeni yanacaqdoldurma məntəqələrini açıb
# 23 dekabr 2015 08:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azpetrol” şirkəti Gəncə şəhərində və Samux rayonunda özünün yeni yanacaqdoldurma məntəqələrini açıb. Bu, “Azpetrol”un sayca 85-ci və 86-cı yanacaqdoldurma məntəqələridir.

“Azpetrol” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, yeni məntəqənin açılışında Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və digər qonaqlar iştirak edirdilər.

Məntəqənin açılışı zamanı “Azpetrol” şirkətinin baş direktoru Ceyhun Məmmədov qeyd edib ki, bu gün şirkətin yeni yanacaqdoldurma məntəqəsinin açılışı Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsinə təsadüf etdiyindən xüsusilə əlamətdardır: “Müstəqil Azərbaycan dövlətinin iqtisadi inkişaf strategiyası müəyyən edilən zaman ümummilli lider Heydər Əliyev bu milli iqtisadi strategiyanın üç əsas mərhələdən keçməsinin vacibliyini qeyd edib: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildən respublika iqtisadiyyatında sabitlik təmin edilib, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyllər özünü göstərməyə başlayıb”.

C. Məmmədov vurğulayıb ki, ulu öndərin respublikada təməlini qoyduğu iqtisadi islahatların aparılması siyasəti 2003-cü ilin 15 oktyabrından Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir.

Şirkət rəhbəri daha sonra qeyd edib ki, yeni məntəqənin istifadəyə verilməsi ilə yeni iş yerlərinin açılması məsələsi həll olunur: “Bu da bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Bu baxımdan yeni açılan məntəqənin istifadəyə verilməsi ilə 40 yeni daimi iş yerinin açıldığını xüsusilə qeyd etmək istərdim. Bir az bundan öncə biz Samux rayonunda da yeni yanacaqdoldurma məntəqəsini açdıq. Həmin məntəqədə 28 yeni daimi iş yeri açılıb”.

Şirkət eyni zamanda Gəncə şəhərində müştərilərin rahatlığını təmin etmək üçün hər cür şəraitə malik olan yeni motel də istifadəyə verir.

Azərbaycanda avtomobil yanacağının pərakəndə satışı ilə məşğul olan şirkətlər arasında lider kimi tanınan “Azpetrol” şirkəti olaraq, əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, daim inkişaf haqqında düşünür və şirkətin yanacaqdoldurma məntəqələri şəbəkəsinin genişlənməsi üzrə işlər aparır. Bundan sonra, şirkət gələcəkdə Bakı şəhərində və Tərtər rayonunda da yeni yanacaqdoldurma məntəqələrinin açılışını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR