Mikayıl Rəhimov: “Heydər Əliyevin xilaskar olduğunu yalnız siyasətçilər yox, bütün xalq başa düşürdü”

Mikayıl Rəhimov: “Heydər Əliyevin xilaskar olduğunu yalnız siyasətçilər yox, bütün xalq başa düşürdü”
# 03 sentyabr 2016 16:19 (UTC +04:00)
Bugünkü “Manşet”də 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuş, “Demokratik Blok”un fəallarından Mikayıl Rəhimov 1991-ci il sentyabr ayının 3-də ümummilli lider Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi ilə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıb.
- 1990-cı ilin noyabr ayının 17-də Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə keçirildi. Həmin sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara aldı. Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Sovetinin qarşısında üçrəngli bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Bütün bu işlərin təşəbbüskarı Heydər Əliyev idi.
- O illərdə bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da böhran hökm sürürdü. Ali Məclisin sədri seçilməli idi. Belə gərgin vəziyyətdə 2 deputat yoldaşımla Heydər Əliyevin qaldığı mənzilə getdik və bizi qəbul eləməsini xahiş elədik. Ona bildirdik ki, Ali Məclisin sədrliyinə onun namizədliyini dəstəkləyirik və bu çətin durumdan yalnız o, bizi qurtara bilər. Ancaq onu razı salmaq çox çətin oldu.
- Yadımdadır, Ali Məclisin qarşısında Heydər Əliyev avtomobildən düşəndə, oraya toplanmış minlərlə insan onu necə alqışladı. Yəni Heydər Əliyevin xilaskar olduğunu yalnız biz siyasətçilər yox, bütün xalq başa düşürdü.
- Sessiyada onun namizədliyini dəfələrlə irəli sürsək də, Ulu Öndər dedi ki, bir daha fikirləşin, mənim Ali Məclisə sədr gəlməyimi respublika rəhbərliyi istəmir, buna görə Naxçıvana problemlər yaranacaq. Ancaq biz bildirdik ki, Naxçıvanı düşdüyü bu çətin durumdan ancaq onun siyasi təcrübəsi, böyüklüyü qurtara bilər.
- Ulu Öndər Ali Məclisin sədri olduğu dövrdə Naxçıvanı qoruya bildi, onu geniş tərəqqi yoluna çıxardı. O illərdə işıqsız, qazsız, çörəksiz qalmış Naxçıvanı qorundu. Heydər Əliyev özünün diplomatik bacarığı, siyasi müdrikliyi ilə qonşu ölkələrlə iqtisadi-siyasi əlaqələr qurdu, muxtar respublikaya yardımlar gəldi, əhalinin ərzaqla təminatı məsələsi həll olundu. Bütün bunları öz şəxsi nüfuzu hesabına həyata keçirən Heydər Əliyev Naxçıvanı sözün həqiqi mənasında fəlakətdən xilas etdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR