UNEC tələbələri Azərbaycan əsgərinə dəstək aksiyası keçiriblər

UNEC tələbələri Azərbaycan əsgərinə dəstək aksiyası keçiriblər
# 04 aprel 2016 15:38 (UTC +04:00)

Bakı-APA. Aprelin 4-də UNEC-də Azərbaycan əsgərinə dəstək aksiyası keçirilib. Aksiyada aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olan hərbçi və mülki şəxslərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya bildirilib ki, tələbələr hər an Azərbaycan əsgərinin yanında olduqlarını, Ali Baş Komandan əmr verərsə hər birinin ön cəbhəyə gedib doğma torpaqlarımızı azad edənədək vuruşmağa hazır olduqlarını bildiriblər. Aksiyada tələbələr Azərbaycan dövlət himnini oxuyub, “Liderə inanaq, Qarabağa qayıdaq”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq”, “Azərbaycan əsgəri, keç səngərdən irəli” şüarları səsləndiriblər.

Eyni zamanda, bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin bütün tədris binalarında dərslər Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himni ilə başlayıb.

Qeyd edək ki, UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürürək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR