Nazirlər Kabineti Xətai rayonunda uçqun baş verən yataqxana ilə bağlı bu gün qərar verəcək

Nazirlər Kabineti Xətai rayonunda uçqun baş verən yataqxana ilə bağlı bu gün qərar verəcək
# 29 mart 2016 10:43 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti Bakının Xətai rayonunda uçqun baş verən yataqxana binası ilə bağlı bu gün müvafiq qərar verəcək.

APA-nın xəbərinə görə, bunu Xətai rayon İcra Hakimiyyətinin (İH) şöbə müdiri Zaməddin Əkbərov deyib.

Z. Əkbərovun sözlərinə görə, martın 28-də Xətai rayonu, Cavanşir küçəsi, 10 ünvanında yerləşən Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındakı beşmərtəbəli yataqxananın qəzalı vəziyyətdə olmasına dair Fövqəladə Hallar Nazirliyi (FHN) hələ ötən ilin ikinci yarısında rəy verib:

“İcra Hakimiyyəti binada yaşayan sakinlərin siyahısını hazırlayıb. Orada bir məcburi köçkün ailəsi yaşayır, qalan 94 ailə isə toxuculuq fabrikinin işçiləridir. Yataqxanada bir nəfərin qeyri-yaşayış sahəsi var. Maliyyə Nazirliyi ötən ilin noyabrında sakinlərlə bağlı dəqiqləşmələr aparıb. Hansı sakinlərin çıxarış və ya orderlərə malik olduğu müəyyən olunub. Orada olan 78 mənzilin çıxarışı var, qalanları müəssisədaxili orderlərə malikdir”.

Z. Əkbərov deyib ki, FHN və İH binadakı durumla bağlı məktub hazırlayıb və məktub bu gün Nazirlər Kabinetinə təqdim olunub: “Bu gün günün ikinci yarısında Nazirlər Kabineti bina ilə bağlı müvafiq qərar verəcək. Yataqxanada bu şəraitdə yaşamaq qeyri-mümkündür. Hələ ki, Nazirlər Kabinetinin qərarını gözləyirik”.

İH təmsilçisi onu da bildirib ki, dünən binada yaşayan 15 ailəyə yaxınlarının evində qalmaq tövsiyə olunub.

Z. Əkbərov deyib ki, yataqxanadan əlavə Xətai rayonunda qəzalı vəziyyətdə olan bir neçə bina olub. Onun sözlərinə görə, son illər Xətai rayon İcra Hakimiyyəti Xətai rayonu, Cavanşir küçəsi, 36 və 38 ünvanlarında yerləşən yataqxana binaları da kəskin qəzalı vəziyyətdə olduğundan o yataqxanalarda yaşayan 200-dən artıq sakinin köçürülməsinə nail olub: “Yəni Xətai rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinə müraciət edib, Nazirlər Kabinetinin qərarına uyğun olaraq sakinlərə kompensasiya ayrılıb və sakinlər köçürülüb. Daha sonra Fövqəladə Hallar Nazirliyi Cavanşir küçəsi, 8 ünvanında yerləşən yataqxana binasının da qəzalı vəziyyətdə olması barədə rəy verdi. İcra Hakimiyyəti Nazirlər Kabinetinə müraciət etdi, Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq yerli sakinlər köçürüldü, yataqxanada yaşayan 6 məcburi köçkün ailə üçün də Nazirlər Kabinetinin əlavə sərəncamı oldu. Beləliklə, sakinlər köçürüldü və keçən il bina söküldü”.

Qeyd edək ki, martın 28-də Xətai rayonu, Cavanşir küçəsi, 10 ünvanında yerləşən Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındakı beşmərtəbəli yataqxananın 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə uçub. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev binada olublar. Binanın girişlərindən biri bağlanıb, polis postları qurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR