Azərbaycan Qaz İxrac edən Ölkələr Forumuna üzv ölkələrin sammitində iştirak edəcək

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumuna üzv ölkələrin sammitində iştirak edəcək
# 21 noyabr 2015 10:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Qaz İxrac edən Ölkələr Forumuna (Gas Exporting Countries Forum - GECF) üzv dövlətlərin dövlət və hökumət başçılarının noyabrın 23-də İranın Tehran şəhərində keçiriləcək III Qaz Sammitində Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın bu təşkilatda istər üzv, istərsə də müşahidəçi qismində iştirakı forumun rəhbərliyi tərəfindən dəfələrlə təklif olunub.

Forumun baş katibi Seyid Məhəmməd Hüseyn Adeli prezidenti İlham Əliyevlə görüşü zamanı ölkəmizin təşkilata qoşulmaqla qlobal qaz bazarında mühüm rol oynayacağına əminliyini bildirib. Aparılan çoxsaylı müzakirələr nəticəsində Azərbaycanın Qaz İxrac edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirakı məqsədəuyğun sayılıb.

Forumun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsidir. Bu prosesdə dünya qaz hasilatında müşahidə olunan tendensiyalar tələb və təklifin cari və gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər qlobal problemlərin təhlili forumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

Azərbaycanın da Qaz İxrac edən Ölkələr Forumuna qoşulması tranzit və ixrac qaz kəmərlərinin tikilməsi, dayanıqlı qaz hasilatının tənzimlənməsi, Xəzəryanı ölkələrin qaz kəmərlərinin bir-biri ilə əlaqələndirilməsinin öyrənilməsi, Xəzəryanı ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində yeni innovasiyaların tətbiqi, bazar şəraitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR