Beyləqanda müəlliməni öldürməkdə şübhəli bilinən şəxslər tutulub

Beyləqanda müəlliməni öldürməkdə şübhəli bilinən şəxslər tutulub
# 04 noyabr 2015 09:14 (UTC +04:00)

Beyləqan. Ziya Əmirxanlı - APA. Noyabrın 1-də Beyləqan şəhərində baş verən qətl hadisəsi ilə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, qətlə yetirilən fizika müəlliməsi Səbahət Quliyevanın həyat yoldaşı Natiq Quliyev artıq komadan çıxıb.

N. Quliyev komadan ayılandan sonra qətl hadisəsi barədə istintaqa ifadə verib və onun ifadəsi əsasında qətldə şübhəli bilinən bir neçə nəfər tutulub.

1956-cı il təvəllüdlü Quliyev Natiq Nadir oğlu ötən gün müayinə üçün Füzuli rayonundakı Tibb Mərkəzinə aparılıb. Tibb Mərkəzindən APA-ya verilən məlumata görə, müayinədən sonra ona baş beyinə qan sızması diaqnozu qoyulub. Həkimlər onun müalicəsi üçün Bakıdan mütəxəssislərin dəvət olunması, yaxud xəstənin Bakıdakı xəstəxanalardan birinə köçürülməsini tövsiyə ediblər.

Dünən axşam Bakıdan dəvət olunan həkim briqadası tərəfindən təkrar müayinə olunan N. Quliyev yenidən Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun səhhətinin normallaşdığı, ölüm riskinin aradan qalxdığı bildirilir.

Qeyd edək ki, noyabrın 1-də Beyləqan şəhəri Üzeyir Hacıbəyov küçəsində yaşayan, Beyləqan şəhər 3 saylı orta məktəbin fizika müəllimi 1958-ci il təvəllüdlü Quliyeva Səbahət Qəhrəman qızının meyiti evdə aşkarlanıb. Onun həyat yoldaşı Quliyev Natiq Nadir oğlu isə koma halında olub.

Daxili İşlər Nazirliyinin (DİN) Beyləqanda baş vermiş hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, noyabrın 1-də Natiq Quliyevin evinə girmiş naməlum şəxs ona və arvadı Səbahətə küt alətlə xəsarət yetirib hadisə yerini tərk edib. Səbahət hadisə yerində ölüb, N. Quliyev isə xəstəxanaya yerləşdirilib.

Beyləqan rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hadisənin təfərrüatları məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR