Azərbaycan Ordusunun şəhid olan hərbçiləri dəfn edilib - YENİLƏNİB - 2

 Azərbaycan Ordusunun şəhid olan hərbçiləri dəfn edilib - <span style="color: red;">YENİLƏNİB - 2
# 05 aprel 2016 15:36 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli, Zərdab. Zahid Abışov - APA. Cəbhədə erməni hücumunun qarşısını alarkən şəhid olan əsgərlərdən biri, 1997-ci il təvəllüdlü Qasımov Nurlan Cəmil oğlu bu gün anadan olduğu Şəmkir rayonunun Tatar kəndində son mənzilə yola salınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, dəfn mərasiminə Müdafiə Nazirliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin, eləcə də Şəmkir rayon İcra Hakimiyyətinin rəsmləri, şəhidin əsgər yoldaşları da iştirak edib.

Nurlan Qasımovun cənazəsi Tatar kənd qəbiristanlığına izdihamın müşayiəti ilə aparılıb. Tabuta çəkilən Azərbaycan dövlət bayrağı şəhidin atasına təqdim olunub. Daha sonra Dövlət Himninin sədaları altında, yaylım atəşi açılandan sonra şəhid torpağa tapşırılıb.

Şəhid Nurlan Qasımov 2015-ci ilin iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdı.

Düşmənin hücumunun qarşısını alarkən şəhid olmuş müddətdən artıq xidmət etmiş gizir, 1994-cü il təvəllüdlü Nurlan Rasim oğlu Abdullayev isə bu gün doğulduğu Zərdab rayonunun Böyükdəkkə kəndində dəfn olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, dəfn mərasimində Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev, hərbiçilər, rayonun idarə və təşkilat rəhbərləri də iştirak edib. Dəfn mərasimində izdiham yaşanıb. Şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağı Nurlan Abdullayevin atasına təqdim olunub.

***

16:36

Gəncə. Azər Məmmədli - APA. Ötən gün cəbhədə erməni hücumunun qarşısını alarkən şəhid olan hərbçi, 1983-cü il təvəllüdlü kapitan Quliyev İnqilab Çingiz oğlu bu gün Gəncə Şəhidlər xiyabanında dəfn edilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, böyük izdiham yaşanan mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri və şəhidin hərbçi yoldaşları da iştirak edib.

Mərasimdə “Şəhidlər ölməz, Vətən bölünməz!”, "Qarabağ bizimdir, bizim olacaq!", "Ar olsun erməniyə!", "Yaşasın Azərbaycan!" kimi şüarlar səslənib.

Azərbaycanın Dövlət himni səsləndikdən, yaylım atəşindən sonra şəhid dəfn edilib.

Şəhidin tabutunun büründüyü Azərbaycan bayrağı atasına təqdim olunub.

Şəhid kapitan Quliyev İnqilab Çingiz oğlunun iki azyaşlı övladı var.

***

14.37

Göyçay. Elvin Yaqubov - APA. Azərbaycan ordusunun şəhid olan əsgəri, 1996-cı il təvəllüdlü Qasımov Teymur Mikayıl oğlu aprelin 5-də doğulduğu Göyçay rayonunda dəfn edilib. APA-nın yerli bürosunun xəbərinə görə, şəhid Teymur Qasımov Göyçay rayonunun Çaxırlı kəndindəki məzarlıqda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Göyçay Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak edib.

Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.

Şəhid Teymur Qasımov 2014-cü ilin oktyabrında Göyçay rayonundan hərbi xidmətə yola salınıb. Teymur Qasımov bu günlərdə Vətən qarşısında borcunu yerinə yetirərək yaşadığı rayona qayıdacaqmış.

Şəhidin əmisi Məhəmməd Qasımov oğul itkisinin ağır olmasına baxmayaraq ailə üzvlərinin Teymur Qasımovun şəhidliyindən qürur duyduğunu bildirib.

***

14:20

Ağdaş. Elvin Yaqubov - APA. Azərbaycan ordusunun şəhid olan əsgəri, 1997-ci il təvəllüdlü Cəbrayılov Ömər Məzahir oğlu bu gün doğulduğu Ağdaş rayonunda dəfn edilib. APA-nın yerli bürosunun xəbərinə görə, şəhid Ömər Cəbrayılov Ağdaş rayonunun Şəkili kəndindəki məzarlıqda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Ağdaş Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon sakinləri də iştirak edib. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.


Mərasimdə şəhidin atası Məzahir Cəbrayılov oğlu ilə fəxr etdiyini bildirib. Şəhidin qardaşı, Şəkili kənd orta məktəbinin 9-cu sinif şagirdi Musa Cəbrayılov qardaşı Ömərlə qurur duyduğunu, iki ildən sonra hərbi xidmətə gedərək düşmənlərdən qardaşının qisasını alacağını bildirib.

Qeyd edək ki, şəhid Ömər Cəbrayılov bu il yanvarın 4-də Ağdaş rayonundan hərbi xidmətə yola salınıb.

***

14.00

Bakı-APA. Azərbaycan Ordusunun cəbhə xəttində gedən döyüşlərdə həlak olan hərbi qulluqçuları dəfn edilib.

APA-nın xəbərinə görə, polkovnik-leytenant Orucov Raquf Cahangir oğlu və müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu Məmmədov Murad Vaqif oğlunun dəfn mərasimi Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında keçirilib.

Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidlərin hərbçi yoldaşları iştirak edib.

Şəhidlər yaylım atəşi açılandan sonra torpağa tapşırılıb.

Qeyd edək ki, əslən Biləsuvar rayonundan olan Məmmədov Murad Vaqif oğlu 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.

Polkovnik-leytenant Orucov Raquf Cahangir oğlu isə 1972-ci ildə Ağdam rayonunda anadan olub.

Aprelin 4-də gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 23 yaşlı Hüseyn Zeynal oğlu Dəmirli Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb.

APA-nın cənub bürosunun xəbərinə görə, dəfn mərasimində rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin zabit və əsgərləri, ictimaiyyət nümayəndələri, yerli sakinlər iştirak ediblər.

Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

Ermənilərlə döyüşdə şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 27 yaşlı Qaibov Elvin Sədrəddin oğlu isə bu gün doğulduğu Xaçmaz rayonunun Əbilyataq kəndində torpağa tapşırılıb. APA-nın şimal bürosunun xəbərinə görə, dəfn mərasimində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçinin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər.

Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, onun tabutuna çəkilən Azərbaycan bayrağı Elvin Qaibovun atasına təqdim edilib.

Bir övladı olan Elvin Qaibov ailəsi ilə birlikdə cəbhə zonasında yaşayırmış.

***

12:15

Salyan. Əlibəy Zeynallı - APA. Cəbhə bölgəsində düşmənin hücumunun qarşısını alarkən şəhid olan baş leytenant, 1990-cı il təvəllüdlü Mehdiyev Rəşid Rövşən oğlu bu gün doğulduğu Salyan rayonunda dəfn edilib.

APA-nın Mil Muğan bürosunun xəbərinə görə, şəhid zabit anadan olduğu Xalac kəndində torpağa tapşırılıb.

Şəhidin dəfni mərasimində Salyan rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.

Şəhidin tabutuna çəkilən Azərbaycan bayrağı Rəşid Mehdiyevin atasına təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR