Elmira Süleymanova Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib

Elmira Süleymanova Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib
# 27 noyabr 2015 12:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Pakistanın İslamabad şəhərində keçirilən Asiya Ombusmanlar Assosiasiyasının “Ombudsman fəaliyətinin problemləri” mövzusunda 14-cü Konfransında və Direktorlar Şurasının iclasında iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, konfransaPakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn, ölkənin Milli Assambleyasının spikeri Sərdar Ayaz Sadiq, Pakistanın Ali Məhkəməsinin Baş hakimi Ənvər Zahir Camali qatılıblar.

Plenar iclaslarda “Layiqli idarəetmə standartlarının inkişafında Ombudsmanın rolu”, “Məxfilik şəffaflığa qarşı”, “Ombudsmanın effektiv və professional fəaliyyəti” və digər mövzularda məruzələr dinləniib.

Konfransda Azərbaycan Ombudsmanı E. Süleymanova “İnsan hüquqlarının təşviqi və müdafiəsinə dair strateji yanaşma” mövzusunda çıxış edib. Müvəkkil çıxışında ölkəmizdə gedən inkişaf proseslərini diqqətə çatdırıb, Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, insan hüquqları kütləvi surətdə kobudcasına pozulmuş bir milyon azərbaycanlının öz yurdunda qaçqına və məcburi köçkünə çevrildiyini, minlərlə yaşayış məntəqəsinin, təhsil, səhiyyə və digər ictimai obyektlərin, İslam mədəni irsi, tarixi və dini abidələrinin məhv edildiyini söyləyib.

Növbəti iki il üçün Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının seçkisi keçirilib. Pakistanın Federal Ombudsmanı Salman Faruki Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Elmira Süleymanova isə Assosiasiyanın vitse-prezidenti seçiliblər. Eyni zamanda, üzv dövlətlərini təmsil edən beş Ombudsman Direktorlar Şurasının üzvü seçilib.

Dünya birliyi və hüququ baxımdan tanınmayan dövlətlərin Asiya Ombudsmanlar Assosiasiyasının üzvlüyünə qəbul edilməsinin yolverilməzliyi məsələsi də Direktorlar Şurasının iclasında gündəmə gətirilib. E. Süleymanova heç bir dövlət və nüfuzlu beynəlxalq qurumlar tərəfindən tanınmayan, Azərbaycanın əzəli torpaqları olan və bu ərazilərin işğalı nəticəsində yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası kimi separatçı dövlətlərin bu qəbildən olduğunu vurğulayıb, bütün iştirakçıları belə separatçı qüvvələrlə əməkdaşlıq etməməyə çağırıb.

Pakistan prezidenti Məmnun Hüseyn öz iqamətgahında konfrans iştirakçılarını qəbul edib. Müvəkkil və digər iştirakçılar konfrans çərçivəsində Pakistan Federal Ombudsmanının İnstitutuna gedərək, təsisatın işi ilə tanış olub, eyni zamanda AOA katibliyinin təntənəli açılışında iştirak ediblər.

Pakistanın Federal Ombudsmanı Azərbaycan Ombudsman təsisatı ilə insan hüquqları sahəsində ikitərəfli əməkdaşlığını möhkəmləndirilməsi məqsədi ilə Əməkdaşlıq memorandumunun imzalanmasını təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR