Həyat yoldaşının qətlini sifariş verməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb

Həyat yoldaşının qətlini sifariş verməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb
# 28 sentyabr 2016 14:00 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüstəm Rzayev və Elşad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanıb. Məhkəmədə mərhum S. Rzayeva haqqında tibbi ekspertizanın rəyi elan olunub.

Hakim məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi oktyabrın 5-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Zabrat qəsəbəsində baş verib. Yanvarın 10-da həmin qəsəbədə 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyitinin yaşadığı evdə aşkar edilib. Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs, mərhumun keçmiş həyat yoldaşı Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb edilib.

Aparılmış istintaqla Rüstəm Rzayevin keçmiş arvadı Sevil Rzayevanı öldürtmək məqsədilə qətlini sifariş verdiyi məlum olub. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rüstəm Rzayevin Sevil Rzayevanı öldürtmək məqsədi ilə tanışı Elşad Həsənova 2000 manat vəd etdiyi açıqlanıb. E. Həsənov yanvarın 10-da Sevil Rzayevanın yaşadığı evə daxil olub, küt alətlə onun başına zərbə endirərək öldürüb.

Elşad Həsənov və Rüstəm Rzayevə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR