Mingəçevirdə 4 baş heyvan bataqlıqda bataraq tələf olub

Mingəçevirdə 4 baş heyvan bataqlıqda bataraq tələf olub
# 24 dekabr 2015 13:33 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərinin eyni adlı kəndinin sakinlərinə məxsus iribuynuzlu heyvanlar bataqlığa düşərək tələf olub. APA-nın yerli bürosunun xəbərinə görə, kənd sakini Mahmud Mahmudov itkin düşən camışını bu gün otlaq sahəsində yaranan bataqlıqda ölmüş vəziyyətdə tapıb. Məlum olub ki, heyvan bataqlığa bataraq köməksiz vəziyyətdə qalıb və kənara çıxa bilmədiyi üçün tələf olub.

Zərər çəkmiş kənd sakini Mahmud Mahmudov APA-ya bildirib ki, otlaq sahəsində son vaxtlar yaranan belə bataqlıqlar ərazidəki qum-çınqıl karxanalarının işləməsi ilə bağlıdır. Heyvanların otlaq sahəsində fəaliyyət göstərən karxanalardan axıdılan lil çöküntüləri ərazini yararsız hala salıb. Kənd sakinləri artıq bir neçə dəfədir ki, otlaq sahəsinin lil çöküntüsü ilə əhatə olunması və dərin çuxurların əmələ gəlməsi səbəbindən heyvanlarını itiriblər. Bu günlərdə kənd sakini Yusif Yusibovun camışı, Akif Abdullayevin inəyi və atı ərazidə bataraq tələf olub. Yaranmış vəziyyətlə bağlı kənd sakinləri qum-çınqıl karxanasının rəhbərliyinə məlumat veriblər.

Qeyd edək ki, heyvanların otlaq sahəsində hazırda 3 qum-çınqıl karxanası fəaliyyət göstərir, ərazinin böyük hissəsi isə lil və palçıqla örtülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR