Azərbaycan Batumi limanından LPG-nin ixracını bərpa edə bilər

Azərbaycan Batumi limanından LPG-nin ixracını bərpa edə bilər
# 24 sentyabr 2016 09:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Batumi limanındakı neft terminalından mayeləşdirilmiş karbohidrogen qazının (LPG) ixracını bərpa edə bilər.

APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Astanada keçirilən Qazaxıstan-Azərbaycan iqtisadi məsələlər üzrə 13-cü hökumətlərarası komissiyanın iclasının yekununda razılığa gəlinib.

Komissiyanın iclasında Azərbaycanın energetika naziri Natiq Əliyev və Qazaxıstanın energetika naziri Kanat Bozumbayev iştirak ediblər.

Qeyd edək ki, Batumi neft terminalından Azərbaycan mayeləşdirilmiş karbohidrogen qazının daşınmasının həcmi 2010-cu ildə 156 min ton təşkil edib. 2014-cü ildə bu göstərici 23 min tona qədər azalıb. 2015-ci ildə isə mayeləşdirilmiş karbohidrogen qazının daşınması tamamilə dayandırılıb.

Xatırladaq ki, “Batumi Neft Terminalı” Qazaxıstanın dövlət “KazTransOil” şirkətinə məxsusdur. Batumi Neft Terminalındakı LPG terminalı Azərbaycan, Qazaxıstan və Türkmənistandan gətirilən LPG məhsulunun saxlanılması, yüklənilməsi və ixracı üçün Gürcüstan ərazisində mövcud olan yeganə terminaldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR