Səhiyyə Nazirliyi: Azərbaycanda vərəmlə xəstələnmə səviyyəsi azalıb

Səhiyyə Nazirliyi: Azərbaycanda vərəmlə xəstələnmə səviyyəsi azalıb
# 02 noyabr 2015 11:45 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Ölkədə həyata keçirilən profilaktik tədbirlər nəticəsində, son statistik məlumatlara əsasən, son illərdə ölkədə vərəmlə xəstələnmə səviyyəsinin azalması, müalicə effektivliyinin yüksəlməsi, xəstə kontingentin əhəmiyyətli dərəcədə azalması tendensiyası müşahidə olunur”. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkədə vərəmli xəstələr dövlət hesabına tam pulsuz müalicə alırlar: “Vərəmli xəstələrin dərmanla təchizatını 2010-cu ildən dövlət öz üzərinə götürüb. 2013-cü ildən etibarən dərmana davamlı vərəmli xəstələrin də müalicəsi üçün lazım olan dərman preparatları da dövlət tərəfindən təchiz olunur. Respublikada vərəm əleyhinə xidmət paytaxtda və respublikanın bütün rayonlarında yerləşən 68 ixtisaslaşdırılmış müəssisə tərəfindən həyata keçirilir. Hazırda 1 institut, 7 dispanser, 18 xəstəxana, 11 vərəm əleyhinə şöbə, 31 vərəm əleyhinə kabinet fəaliyyət göstərir”.

Qeyd olunub ki, hazırda respublikada vərəm xəstəliyi ilə mübarizə aparan geniş vərəm əleyhinə tibb müəssisələri şəbəkəsi mövcuddur: “Son illər ərzində bu müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müəyyən işlər görülüb. Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Milli İstinad Laboratoriyası tikilərək istifadəyə verilib. Bütün respublika ərazisində ÜST-ün strategiyasına uyğun olaraq DOTS (birbaşa nəzarət altında müalicə) proqramı tətbiq edilir. Xəstələrin ambulator müalicəsini təmin etmək məqsədilə DOT kabinetlərinin şəbəkəsi yaradılmışdır. Son 7 ildə vərəmin dərmana davamlı formalarının müalicəsinə başlanılıb. Bundan əlavə, son illər ərzində müasir standartlara cavab verən Masallı, Tər-tər, Ağdam, Naxçıvan, Quba, Bərdə, Zaqatala, Yevlax, Salyan, Sumqayıtda müasir tipli tibb müəssisələri tikilib və müasir avadanlıqlarla təchiz olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR