Azərbaycan nümayəndə heyəti AŞPA yaz sessiyasında iştirak etmək üçün sabah Strasburqa yola düşəcək

Azərbaycan nümayəndə heyəti AŞPA yaz sessiyasında iştirak etmək üçün sabah Strasburqa yola düşəcək
# 16 aprel 2016 11:58 (UTC +04:00)

Bakı – APA. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə bir qrup deputat Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün aprelin 17-dən 23-dək Strasburqda səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Rövşən Rzayev, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa, Elşən Musayev, Sabir Hacıyev, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildir.

Sessiya çərçivəsində Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatlar dinləniləcək, Avropada antisemitizmə qarşı mübarizə, suriyalı qaçqın böhranı, miqrant və qaçqın hüquqları – Qərbi Balkanlarda vəziyyət, Avropa Şurasının İnsan hüquqları üzrə komissarının 2015-ci ildə fəaliyyətinin yekunları və digər mövzularda fikir mübadiləsi aparılacaq. Tədbirdə AŞPA-nın Sosial məsələlər komitəsinin məruzəçisi Sevinc Fətəliyevanın “Uşaqların radikallaşması və buna səbəb olan amillərin aradan qaldırılması” mövzusunda məruzəsi dinləniləcək, bununla bağlı müzakirələr aparılacaq.

Sessiyada Azərbaycan-Ermənistan cəbhə xəttində baş vermiş son hadisələrin müzakirəsi də gözlənilir. Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR