Səhiyyə sistemində yeni xidmət yaradılıb

Səhiyyə sistemində yeni xidmət yaradılıb
# 17 mart 2016 09:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) nəzdində sahibkarlar və vətəndaşlarla iş üzrə yeni - “Bir pəncərə” xidməti yaradılıb. APA-nın xəbərinə görə, AEM-nin şöbə müdirinin müavini İsa Əliyev bildirib ki, yeni xidmətin yaradılmasında məqsəd ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, sahibkarların və vətəndaşların müraciətlərinə baxılmasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsidir. Onun sözlərinə görə, Analitik Ekspertiza Mərkəzi ölkədə dərman vasitələrinin qeydiyyatı, idxal olunan dərman vasitələrinə icazələrin verilməsi, onların laborator təhlilin aparılması, özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələrlə işin təşkili üzrə fəaliyyət göstərir. İ.Əliyev qeyd edib ki, vətəndaşların, sahibkarların müraciətlərinin vaxtı-vaxtında araşdırılması və cavablandırılması istiqamətində mərkəzdə son dövrlərdə ciddi təkmilləşdirmə işləri aparılıb: “Bu tədbirlərdən biri də “Bir pəncərə” prinsipi ilə işləyəcək sahibkar və vətəndaşlarla iş üzrə xidmətin təşkilidir. Xidmətə əsasən vətəndaşlar və sahibkarla müraciətlərini bir pəncərə prinsipinə əsasən təqdim edə biləcəklər. Həmin müraciətlər elektron şəkildə qeydiyyata alındıqdan sonra mərkəzin müvafiq şöbələri arasında bölüşdürüləcək və onların vaxtında cavablandırılması təmin ediləcək. Vətəndaşların təqdim edəcəkləri müraciətləri qanunvericiliyə uyğun olan müddət ərzində cavablandırılacaq. Eyni zamanda, dərman vasitələri və tibbi avadanlıqlarla bağlı idxal və qeydiyyat sənədləri həmin xidmət vasitəsilə qəbul olunacaq və qanunvericiliyə müvafiq cavablandırılacaq. Hazırda AEM-in yenilənməkdə olan internet səhifəsi vasitəsilə gələcəkdə vətəndaşlara və sahibkarla elektron qaydada müraciət imkanı yaradılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR