Nuşirəvan Məhərrəmli: “Teleserialların çəkilişi ilə bağlı yenidən prezidentə müraciət etməyə məcburuq”

Nuşirəvan Məhərrəmli: “Teleserialların çəkilişi ilə bağlı yenidən prezidentə müraciət etməyə məcburuq”
# 29 dekabr 2015 15:19 (UTC +04:00)

“Telekanallar bu məsələyə biganəliklə yanaşdılar, həmin vəsaitlər səmərəli istifadə olunmadı”

Bakı. Ramiz Mikayıloğlu - APA. “Telekanallarımızda teleserialların çəkilişi Milli Televiziya və Radio Şurasının xarici teleserialların Azərbaycanda yayımının dayandırması ilə başladı. Bir boşluq yarandı və biz bu boşluğu doldurmaq üçün teleserialların çəkilişinə dəstəklə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdik, dövlət başçısı da müraciətimizə müsbət cavab verdi”.

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib.

N. Məhərrəmli deyib ki, ilk dövrdə bu məsələ ölkədə teleserial çəkilişi ilə bağlı müəyyən bir canlanma yaradıb: “Çoxlu sayda insan teleserialların çəkilişinə cəlb olundu və bu sahə bir struktur kimi inkişaf etməyə başladı. Müəyyən müsbət irəliləyişlər oldu. Təbii ki, nöqsanlar da çox idi. Düzdür, hər bir seriya üçün ayrılan 3,5, 10 min manat vəsait az idi, amma buna baxmayaraq müəyyən irəliləyişlər var idi. Keyfiyyət baxımından problemlər olsa da, kəmiyyət baxımından teleməkanda teleseriallarla bağlı problem aradan qalxmışdı. Amma buna baxmayaraq, təəssüf ki, telekanallara bu məqsədlə verilən vəsait telekanallarda lazımınca, hətta bəzən təyinatı üzrə istifadə olunmadı. Biz bunu gördük, hiss etdik və buna qarşı da tədbirlərimizi artırdıq. Hesab edirəm ki, telekanallar bu məsələyə laqeydliklə, biganəliklə yanaşdılar və həmin vəsaitlər səmərəli, tam düzgün istifadə olunmadı”.

N. Məhərrəmli qeyd edib ki, telekanallarımızda teleseriallarla bağlı mövcud vəziyyət MTRŞ-i teleserialların çəkilişi ilə bağlı Azərbaycan prezidentinə yenidən müraciət etməyə məcbur edir: “Son zamanlar Azərbaycan teleməkanında teleserialların azlığı görünür, hiss olunur. Həm də bu sahəyə, teleserialların çəkilişinə cəlb olunmuş insanlar bir növ iş yerlərini itirmiş sayılırlar. Çoxsaylı ssenari müəllifləri, rejissorlar, operatorlar bir növ işsiz qalıblar. Hesab edirəm kim, bu sahə ilə bağlı dövlət lazımi addımları atmalıdır. Milli Televiziya və Radio Şurası bu sahədə müəyyən işlər görəcək”.

MTRŞ sədri cizgi filmlərinin çəkilişinin də ciddi bir məsələ olduğunu vurğulayıb: “Milli Televiziya və Radio Şurası çoxdandır ki, bu məsələni ortaya qoyur, amma çox təəssüf ki, hələ də bu məsələ həllini tapmayıb. Milli Televiziya və Radio Şurası yenidən Azərbaycan prezidentinə cizgi filmlərinin çəkilişinə dəstəklə bağlı müraciət etməyi düşünürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR