DSX-nin Aviasiya dəstəsinə Döyüş Bayrağı təqdim edilib, yeni alınmış xüsusi texnikalara baxış keçirilib

DSX-nin Aviasiya dəstəsinə Döyüş Bayrağı təqdim edilib, yeni alınmış xüsusi texnikalara baxış keçirilib
# 31 dekabr 2015 08:45 (UTC +04:00)

Bakı - APA. Dekabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Aviasiya dəstəsinə Döyüş Bayrağının təqdim edilməsi, dəstənin yeni inşa olunmuş qarnizon kompleksinin, əsaslı şəkildə yenidən qurulmuş texniki-istismar sahəsinin xidməti istifadəyə verilməsi və yeni alınmış xüsusi texnikalara baxış məqsədilə təntənəli mərasim keçirilib.

DSX-nın Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, DSX rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev şəxsi heyəti hərbi hissənin yeni qarnizon kompleksinin və texniki-istismar sahələrinin xidməti istifadəyə verilməsi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib, hərbi hissənin şərəf, şöhrət və şücaət rəmzi olan Döyüş Bayrağını təqdim edib.

Tədbirdə Heydər Əliyevin göstərişinə əsasən Səngəçal hərbi aerodromunun 2002-ci ildə Dövlət Sərhəd Xidmətinə verilməsi ilə Azərbaycan Sərhəd Mühafizəsi tarixində ilk dəfə aviasiya dəstəsinin yaradılması, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə göstərdiyi diqqət və qayğı sayəsində aviasiya dəstəsinin maddi-texniki bazasının xeyli möhkəmləndirilməsi, şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılması xüsusi qeyd edilmiş, əsaslı tikinti və təmir işlərindən sonra ən müasir tələblərə cavab verən qarnizon kompleksinin istifadəyə verilməsinin bu ali diqqətin növbəti təzahürü olduğu vurğulanıb.

General-polkovnik Elçin Quliyev hərbi hissənin qərargahına, kazarma binasına, əsgər yeməkxanasına, istirahət otağına və zabit yeməkxanasına baxış keçirib, şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olub.

Hərbi hissədə inşa edilmiş tibb məntəqəsinə baxış zamanı şəxsi heyətə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün bütün şəraitin yaradılması, məntəqənin müasir tibbi avadanlıq və vasitələrlə təmin olunması nümayiş olunub.

Yeni inşa olunmuş avtomobil parkında xüsusi təyinatlı müxtəlif avto­texnikanın təqdimatı keçirilmişdir. Sonra yeni çəkilmiş avtomobil yolu ilə helikopter anqarlarına hərəkət zamanı hərbi hissənin idman meydan­çasının, yeni yaradılmış qalxma və enmə zolaq­larının, eləcə də digər yeni tikililərin təqdimatı olub.

Aviasiya dəstəsinin texniki-istismar hissəsinin əhəmiyyətli sahəsi olan helikopter anqarları ilə tanışlıq zamanı əsas para­metrlərinə görə ən müasir tələblərə cavab verən anqarlarda xidməti yüksək texniki tələblər səviy­yəsində təşkil etmək üçün lazımi şərait yaradılması məruzə edilib. Burada yerləşən xidməti otaqlar lazımi alət, avadanlıq və texniki vasitələrlə təmin olunub. Anqarlarda helikopterlərin silah sistemlərinin və yerüstü avadanlıqlarının təqdimatı olub.

Xidməti istifadəyə verilmiş komanda-idarəetmə mərkəzin­də əsaslı yenidənqurma və təkmilləşdirmə işləri aparılıb. Müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz edilmiş idarəetmə mərkəzi ilə tanışlıqdan sonra qrup tərkibində uçuşların izlənməsi və uçuş­ların idarə edilməsinin təqdimatı keçirilib.

Xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirilib.

Tədbirin sonunda Elçin Quliyev şəxsi heyətlə birgə nahar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR