Bu semestr tələbə və şagirdlərə təqaüdlərin yeni qaydada verilməsi ilə bağlı əmr imzalanıb

Bu semestr tələbə və şagirdlərə təqaüdlərin yeni qaydada verilməsi ilə bağlı əmr imzalanıb
# 12 fevral 2016 12:47 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 6 fevral 2016-cı il tarixli 38 nömrəli qərarının icra olunması haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrlə həmin qərar rəhbərlik və icra üçün qəbul edilib. Əmrdə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, cari semestrdən başlayaraq təhsilalanların təqaüdlərinin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na uyğun təyin olunmasını və ödənilməsini, habelə Təqaüd komissiyasının formalaşdırılmasını, tələbələrin ixtisaslar üzrə ÜOMG-nin hesablanması, sıralama siyahılarını və buna əsasən təqaüd siyahısını, fənlər üzrə akademik nailiyyətlərə görə təqaüd növlərinin müəyyənləşdirilməsini və digər təşkilati məsələlərin həllini təmin etsinlər.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsi və Maliyyə şöbəsinə Qaydadan irəli gələn məsələləri həll etmək və digər zəruri tədbirləri həyata keçirmək tapşırılıb. Əmrin icrasına nəzarət Aparat rəhbərinə tapşırılıb.

Qeyd edək ki, Azərbaycanda doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi yeni qaydada həyata keçiriləcək. Nazirlər Kabineti bununla bağlı “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nı təsdiq edib, “Doktorantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 30 iyun tarixli qərarını ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR