“Atletlər kəndi"ndə baş verən qəza ilə bağlı məhkəmədə Nəqliyyat Nazirliyinin aparat rəhbəri ifadə verib

“Atletlər kəndi"ndə baş verən qəza ilə bağlı məhkəmədə Nəqliyyat Nazirliyinin aparat rəhbəri ifadə verib
# 03 iyun 2016 11:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı yaradılan "Atletlər kəndi"ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nəqliyyat Nazirliyinin Aparat rəhbəri Cavid Nəcəfov ifadə verib. O oyunlar zamanı nazirlik tərəfindən bir çox işlər görüldüyünü deyib. Bildirib ki, sürücülərin seçilməsi və siyahısının hazırlanması nazirliyin Dövlət Avtomobil Xidməti tərəfindən həyata keçirilib.

Digər şahid Lalə Aşurzadə isə ifadəsində bildirib ki, Avropa Oyunları Komitəsində avtobus deposunda baş dispetçer işləyib. Şahid oyunlar zamanı sürücülərə təlim keçdiklərini deyib. Bildirib ki, avtobuslar hər gün texniki baxışdan keçirilib.

Şahid Mətanət Səmədova isə İdman Tibbi Reabilitasiya İnstitutunda işlədiyini deyib. Bildirib ki, hadisədə xəsarət alan Venera onların xəstəxanasına gətirilib və Rentgen müayinəsi olunub.

Daha sonra prosesdə “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəisi vəzifəsində işləmiş Rövşən Məmmədov ifadə verərək istintaq zamanı verdiyi ifadəni təsdiq edib.

Məhkəmə prosesi iyunun 10-da davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyunun 11-də, I Avropa Oyunlarının "Atletlərkəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadaları üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub.

Yol-nəqliyyat hadisəsində sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov təqsirləndirilir.

V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq, F.Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR