Əli Həsənov: "2016-cı ildə çox ciddi iqtisadi və siyasi islahatlar həyata keçiriləcək" - YENİLƏNİB

Əli Həsənov: "2016-cı ildə çox ciddi iqtisadi və siyasi islahatlar həyata keçiriləcək" - <span style="color: red;">YENİLƏNİB
# 02 fevral 2016 15:41 (UTC +04:00)

Quba. Məlahət Nəcəfova, Vəli Turan - APA. "Bundan sonra yeni dövr başlayır. Cənab prezident son müşavirədə yeni dövrün vəzifələrini də müəyyən elədi. Bununla bağlı mən və digər vəzifəli şəxslər cənab prezidentin tapşırığı ilə regionlara səfər edir, rayon ictimaiyyəti ilə birlikdə həmin vəzifələri müzakirə edir, qarşıda duran işlərlə bağlı dövlətin mövqeyini çatdırırıq".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdəkı çıxışında deyib.

Ə. Həsənov bildirib ki, qarşıdan gələn dövrdə Azərbaycanın inkişaf etmiş bazasına, infrastrukturlarına, əhalinin nikbin əhval-ruhiyyəsinə, ölkədə yaranmış demokratik ab-havaya, bazar iqtisadiyyatı normalarına, dövlət-vətəndaş, dövlət-sahibkar münasibətlərinin sağlam təməlinə söykənərək sonrakı inkişafımızı müəyyən etməliyik: Cənab prezident bununla bağlı bir çox vəzifələr irəli sürüb. Bir neçəsini diqqətinizə çatdırıram. Azərbaycanda demokratiya yolu ilə inkişafı bundan sonra da davam etməlidir. Demokratiya insan təşəbbüslərinin dəstəklənməsidir. Hər bir insan öz düşüncəsində uyğun, aldığı təhsildən, dünyagörüşündən, ətraf aləmdən mənimsədiyi bu və ya digər dəyərlərdən asılı olaraq müxtəlif təklif və təşəbbüslərlə çıxış edir. Dövlətin vəzifəsi həmin təşəbbüslərin ən dəyərlilərini, inkişaf üçün ən yararlılarını ümumiləşdirib, proqram halına salıb həyata keçirməkdən ibarətdir. Buna görə də insanlardan gələn təşəbbüslər ümumdövlət təşəbbüsünün təməlində dayanır. İnsanlardan gələn dəstək ümumdövlət siyasətinin gücünü və resursunu əks eləyir”.

Ə. Həsənovun sözlərinə görə, dövlətin öncül vəzifəsi əhalinin problemlərini həll etməkdir. Bunun üçün dövlətin bütün resursları, idarəetmə mexanizmləri - nazirliklər, komitələr, şirkətlər, mərkəzi və yerli icra hakimiyyəti orqanları hərəsi öz sahəsində insanların iqtisadi, siyasi, sosial mədəni, ailə, məişət və digər problemlərini həll etməlidirlər: "Dövlət iş yeri yaratmalıdır, amma bu və ya digər səbəbdən bunu etmək mümkün deyilsə, insanların bu sahədə qanunauyğun təşəbbüslərini dəstəkləməli və zəruri şəraiti təmin etməlidir. Bir sahibkar bir qrup adamı ətrafına yığıb hansısa iş sahəsi yarada, iş yerləri aça bilirsə, dövlət mövcud qanunvericilik çərçivəsində ona hərtərəfli dəstək göstərməlidir. Bir sözlə, dövlətin vəzifəsi yerlərdən gələn təşəbbüsləri dövlətin siyasəti və mövcud qanunlarına uyğun həyata keçirməkdən ibarətdir. Buna görə də yerli icra hakimiyyəti orqanları insanlardan gələn təşəbbüsləri müəyyən edib dövlətin standartları, qanunları, ictimai davranış normaları çərçivəsində dəstəkləməlidir”.

Əli Həsənov bildirib ki, prezidentin elan etdiyi kimi 2016-cı ildə çox ciddi iqtisadi və siyasi islahatlar həyata keçiriləcək: "Siyasi islahatlar bəllidir. İdarəetmədə struktur dəyişiklikləri həyata keçiriləcək, inkişafa mane olan, bir-birini təkrarlayan, səmərəsiz işləyən strukturlar ya ləğv olunacaq, ya da onların fəaliyyəti təkmilləşdiriləcək. Differensial fərqli yanaşma nəticəsində idarəçilik sisteminin tam modernləşdirilməsi və mövcud inkişafın tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. İqtisadi islahatlar dedikdə, cənab prezident həm ümumilikdə bütün ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etmək, həm də hər bir region, rayon üçün differensial yanaşma tələblərini ortaya qoyub. Mərkəzdən hər bir rayonun sosial-iqtisadi inkişafı üçün ayrıca xətt ayırsa, bu tam olmayacaq. Tamlıq üçün yerlərdən təşəbbüslər gəlməlidir. Yerli icra strukturları, bələdiyyələr, digər qurumlar, həmçinin rayonlardan seçilmiş millət vəkilləri bu işə dəstək verməlidirlər. Ölkə iqtisadiyyatının ümumi inkişafı üçün hər bir rayon özünün potensialını işə salmalıdır. Yerli potensial işə salınanda isə dövlətin əsas tələbləri nəzərə alınmalıdır. Bu tələblər yerlərdə iqtisadiyyatın inkişafını, insanların potensialından istifadəni, onların sosial məsələlərinin həllini əhatə edir. Cənab Prezident dəfələrlə qeyd edib və reallıq da göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Dövlət də ona görə lazımdır ki, ümumilikdə cəmiyyətin və fərdi qaydada hər bir vətəndaşın problemini həll etsin. Ümumi problemlər sağlamlıq, işsizlik, təhsil məsələsi, sosial adaptiasiya, təşəbbüslərin dəstəklənməsi və s. məsələlərdir. Biri də var sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələr, xəstələr və s. Bunlar da fərdi problemləridir ki, həll olunmalıdır”.

***

saat 11.19

Quba. Vəli Turan - APA. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Quba rayonunda ictimaiyyət nümayəndələri ilə görüş keçirir.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, görüşdə Quba rayonundan seçilən millət vəkilləri Vahid Əhmədov, Yevda Abramov, rayon İcra Hakimiyyətinin rəsmiləri və rayon sakinləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR