Azərbaycanın Vyetnamdakı səfirliyi cəbhədəki gərginliklə əlaqədar brifinq keçirib

Azərbaycanın Vyetnamdakı səfirliyi cəbhədəki gərginliklə əlaqədar brifinq keçirib
# 07 aprel 2016 12:51 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Vyetnamdakı səfirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginliklə əlaqədar mətbuat konfransı keçirib.

Səfirlikdən APA-ya verilən məlumata görə, mətbuat konfransında Vyetnamın üç televiziya kanalının, o cümlədən aparıcı dövlət televiziyasının, bir sıra çap və elektron KİV-lərin nümayəndələri iştirak ediblər.

Səfir Anar İmanov Dağlıq Qarabağ münaqişəsi barədə jurnalistlərə məlumat verib. O, 2-5 aprel tarixlərində Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə mülki əhalini və mülki obyektləri hədəfə aldığını, Azərbaycan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərini ağır silahlardan intensiv atəşə tutması nəticəsində bir neçə mülki şəxsin həlak olduğunu və yaralandığını, eləcə də mülki obyektlərin dağıldığını bildirib.

Diplomat hazırda atəşkəsin bərpa olunduğunu, bununla belə Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu, münaqişənin beynəlxalq hüquqa əsasən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıb.

Səfir A. İmanov Vyetnamın mətbuat nümayəndələrini münaqişə ilə bağlı məlumatları işıqlandırarkən diqqətli olmağa çağırıb, xəbər və məqalələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qeyd olunmasının və Vyetnam ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin səbəbləri barədə doğru məlumatların çatdırılmasının vacibliyini vurğulayıb.

Konfrans zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və mülki obyektlərini hədəfə aldığını əks etdirən video və fotolar nümayiş etdirilib. Sonra jurnalistlərin suallarını cavablandıran səfir A. İmanov münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi barədə məlumat verib.

Qeyd edək ki, mətbuat konfransından sonra Vyetnam Dövlət Televiziyasında, “Nhan Danh” və Hanoy telekanallarında, eləcə də çap və elektron mediada Dağlıq Qarabağ münaqişəsi barədə reportaj və məlumatlar verilib, Vyetnam ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi barədə məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR