İranlı nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyəti "APA-Holdinq"də olub

İranlı nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyəti "APA-Holdinq"də olub
# 11 iyul 2017 14:05 (UTC +04:00)

İran İslam Respublikasının mədəniyyət və islam irşadı nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezaminin rəhbərlik etdiyi nümayəndə heyəti "APA-Holdinq" MMC-də olub.

APA-nın məlumatına görə, "APA-Holdinq" MMC-nin prezidenti Vüsalə Mahirqızı qonaqları salamlayaraq şirkət haqqında ətraflı məlumat verib.

İranla Azərbaycan arasında yaxın münasibətlərin önəmini qeyd edən V. Mahirqızı qarşılıqlı əməkdaşlığın daha da güclənməsində mətbuatın mühüm rol oynadığını bildirib.

O, şirkətin fəaliyyət istiqamətində bu xəttin prioritet təşkil etdiyini vurğulayıb, buna misal olaraq bir müddət əvvəl APA-nın İranda bürosunun yaradıldığını deyib. V. Mahirqızı APA-nın İranın aidiyyəti qurumları, habelə Azərbaycandakı səfirliyi ilə də yaxından əməkdaşlıq etdiyini, bu əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni layihələr həyata keçirməyə hazır olduqlarını bəyan edib. O, iki ölkənin media orqanları, eləcə də beyin mərkəzləri arasında əməkdaşlıq münasibətlərinin qurulmasının ümumilikdə ölkələr arasında daha da yaxınlaşmaya gətirib çıxaracağına əminliyini vurğulayıb: "Hesab edirik ki, hər bir görüş bizim münasibətlərimizi daha da yaxınlaşdırır".

Öz növbəsində, APA-nın fəaliyyəti haqqında məlumatlı olduğunu bildirən H. Entezami də iki ölkənin mətbuat orqanları arasında əməkdaşlığın ümumi işə mühüm töhfə verə biləcəyini deyib.

Nazir müavini qeyd edib ki, İran prezidenti Həsən Ruhaninin hökumətinin siyasətinin əsas istiqamətlərindən biri də KİV arasında əlaqələrin inkişafına yönəlib.

"Bu səbəbdəndir ki, ötən 4 il ərzində əcnəbi KİV-in Tehranda ofislərinin sayı 20 faiz artıb", - deyə o bildirib.

Azərbaycanla əlaqələri bütün sahələrdə genişləndirməkdə maraqlı olduqlarını bildirən H. Entezami bunun üçün lazım olan addımların atıldığını qeyd edib: "İranla Azərbaycanın ortaq nöqtələri çoxdur. Biz burda özümüzü evimizdəki kimi hiss edirik. Bizim mədəniyyətlərimiz, məişətimiz bir-birinə çox yaxındır. Xalqlarımızı qırılmaz tellər bağlayır. Mətbuat bu münasibətlərin daha da güclənməsində mühüm vasitəçi ola bilər. Odur ki, APA-nın, eləcə də Azərbaycanın digər media orqanlarının İran mətbuatı ilə sıx əməkdaşlığını ancaq alqışlaya bilərik".

O, görüşdə səsləndirilən təkliflərin dəyərləndiriləcəyini, həyata keçməsi istiqamətində lazımi tədbirlər görməyə hazır olduqlarını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR