Hüquq müdafiəçisi Elçin Behbudov: "Bəzi beynəlxalq təşkilatlar Azərbaycan haqqında qərəzli fikirlər səsləndirir"

Hüquq müdafiəçisi Elçin Behbudov: "Bəzi beynəlxalq təşkilatlar Azərbaycan haqqında qərəzli fikirlər səsləndirir"
# 02 iyun 2015 10:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bu gün mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən E. Behbudov bildirib ki, son vaxtlar bəzi beynəlxalq təşkilatlar Azərbaycan haqqında qərəzli fikirlər səsləndirirlər: “Bilirsiniz ki, Azərbaycanda Avropa Oyunları keçiriləcək. Həmin təşkilatlar oyunların yüksək səviyyədə təşkilini, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu gözdən salmağa hesablanmış bəyanatlar verirlər. Mən tam məsuliyyətimlə deyə bilərəm ki, bu niyyətlərin arxasında erməni faktoru dayanır. Məsləhət görərdim həmin təşkilatlar Ermənistanda baş verən qanun pozuntularına öz münasibətlərini bildirsinlər. Amerika, Almaniya, İngiltərə, Fransa kimi ölkələr özlərini "demokratiyanın beşiyi" adlandırırlar. Lakin həmin ölkələrdə fəaliyyət göstərən təşkilatlar öz ölkələrində baş alıb gedən qanun pozuntularını görmürlər. Bu gün Amerikada 6 milyon insan həbsxanalarda cəza çəkir, Quantanamo həbsxanası, ölüm hökmü ləğv edilməyib. Bir müddət əvvəl bir qaradərili insanı polislər boğub öldürdülər. Bizdə rayonda birinin qoyunu oğurlanan kimi polislər axtarmağa başlayır” .

E. Behbudov qeyd edib ki, Ermənistanda insan hüquq və azadlıqları sahəsində problemlər çoxdur: “İnsanların hüquqları pozulur, etiraz aksiyaları keçirilir. Azərbaycanda da bəzi problemlər var. Bunu heç kim inkar etmir. Lakin onların dediyi formada deyil. Biz Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi , Miqrasiya Xidməti, Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Şəffaflıq təmin olunmaqla saxlanma yerlərində monitorinqlər keçiririk. Bütün sahələrdə ictimai nəzarət var” .

Hüquq müdafiəçisi bildirib ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin adından BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət olunacaq: “Biz müraciət edib bildirəcəyik ki, bəzi təşkilatların qərəzli bəyanatlarına son qoyulsun” .

Daha sonra E. Behbudov jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusla bağlı ona müraciət edən olmayıb: “Mən həmişə deyirəm ki, qadının yeri həbsxana deyil. Leyla Yunusla bağlı hazırda istintaq gedir. Sonda məhkəmə qərarını verəcək”.

Bir müddət əvvəl həbs olunan iş adamı Nizami Piriyevə və İbrahim Nehrəmliyə işgəncə verilməsi barədə sualları cavablandıran E. Behbudov qeyd edib ki, deyilənlər həqiqəti əks etdirmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR