“Heydər Əliyev və müstəqil Azərbaycan” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Heydər Əliyev və müstəqil Azərbaycan” müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 23 dekabr 2016 11:45 (UTC +04:00)



Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci illiyinə həsr edilən “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

APA-nın xəbərinə görə, müsabiqə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Türk Gənclər Birliyi İB və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İB-nin təşkilatçılığı jurnalistlər arasında həyata keçirilib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, müsabiqənin keçirilməsində məqsəd tarixin çətin mərhələlərindən keçən Azərbaycanın, əldə etdiyi müstəqillik tarixinin daha geniş təbliği və bu illərdə Heydər Əliyevin əvəzsiz rolu haqqında yeni biliklərin əldə olunmasına xidmət göstərmək olub. Onun sözlərinə görə, 25 il ərzində Azərbaycan həm ağrılı günlər yaşayıb, eyni zamanda qısa müddətdə yeni, güclü dövlətə çevrilib.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, müstəqillik Azərbaycan dövləti, gəncləri üçün hər şey deməkdir: “Heydər Əliyevin əməyi, siyasəti nəticəsində gənclər sahəsində mühüm işlər görülüb, inkişafa nail olunub. Bu siyasət hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev qeyd edib ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq da bir o qədər çətindir.

Tədbirdə qalib seçilən jurnalistlər mükafatlandırılıb. Müsabiqənin şərtlərinə əsasən I yerin qalibi 1000 AZN, II yerin qalibi 800 AZN, III yerin qalibi isə 600 AZN məbləğində mükafat alıb. Bundan başqa müsabiqədə 4 həvəsləndirici yer müəyyənləşdirilib ki, onların hər birinə 300 AZN təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR