“Hüseyn Cavid - 135” şeir müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

“Hüseyn Cavid - 135” şeir müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib
# 02 fevral 2018 15:57 (UTC +04:00)

Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə “Kaspi” təhsil şirkəti, “Kaspi” qəzeti, Artkaspi.az mədəniyyət və ədəbiyyat portalının təşkil etdiyi “Hüseyn Cavid -135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbiri açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının mühüm simalarından biri olduğunu deyib, onun Azərbaycan ədəbiyyatında, fəlSəfə tarixində əbədi iz qoyan sənətkarlardan biri olduğunu vurğulayıb.

MŞ sədri görkəmli şair H.Cavidin adı ilə bağlı müsabiqənin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib. Millət vəkili bildirib ki, bu cür tədbirlər tarixi şəxsiyyətin adının əbədi yaşamasına xidmət edir.

Tədbirdə Hüseyn Cavidin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

“Kaspi” Təhsil Şirkətinin və “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva H.Cavidin xoşbəxt sənətkar, ədəbiyyat adamı olduğunu deyib: “Hüseyn Cavid hər zaman bəşəri ideyalarla yaşayıb. Şəxsiyyətləri mühit yetişdirir. Bu baxımdan Hüseyn Cavidin formalaşmasında onun olduğu mühitin böyük təsiri var”.

S.Vəliyeva bildirib ki, H.Cavidin istər bədii, istər publisistik, istərsə də nər əsərlərində məfkurə hakimliyi var.

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli S.Vəliyevanın “Hüseyn Cavid 135” kitabına yazdığı ön sözdə “Şeir vəhydir, əlaqədir. Tanrı ilə insanın əlaqəsidir”, fikirlərini xatırladıb. Bildirib ki, Tanrı ilə əlaqə H.Cavidin əsərlərində özünə bariz şəkildə göstərir.

Xalq şairi Sabir Rüstəmxanlı tədbiri Azərbaycanın mədəni həyatında əhəmiyyətli hadisə təqdim edib. Bildirib ki, H.Cavidin xatirəsinə həsr olunmuş müsabiqənin elan edilməsi, müsabiqəyə 100-dən artıq əsərin təqdim olunması mühüm hadisədir.

Daha sonra Ə.Amaşov müsabiqəyə təqdim olunan yaradıcılıq nümunələri barədə məlumat verib. Bildirib ki, Azərbaycanın müxtəlif bölgələri ilə bərabər, İrandan, Türkiyədən də şeirlər müsabiqəyə göndərilib, ümumilikdə 108 əsər araşdırılıb və onlardan iyirmisi münsiflərə təqdim olunub. Münsiflər heyətinin rəhbəri Sona Vəliyeva, üzvlər isə akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Kamran Əliyev, xalq şairi Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi, H.Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, professor Rüstəm Kamal və tənqidçi Əsəd Cahangir olub. Qaliblər üçün diplom və pul mükafatı ayrılıb.

Sonda qaliblər mükafatlandırılıb. Müsabiqənin münsiflər heyətinin qərarına görə, Nuri Əlizadə I, Dilsuz Mustafayev II, Bəhruz Niftəliyev III yer tutublar.

Fərqanə Mehdiyeva xüsusi mükafata layiq görülüb. Digər 9 nəfər isə diplomlarla təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR